Pasportu müvəqqəti olaraq müsadirə edilən İspaniyanın Baş naziri Pedro Sançezin həyat yoldaşı Beqona Qomez məhkəmədən xüsusi icazə istəyib.
Turkustan.az xəbər verir ki, İspaniya mediasının məlumatına görə, dörd ayrı ittiham üzrə istintaq altında olan Qomez vəkili vasitəsilə məhkəməyə müraciət edərək 7–10 iyul tarixlərində xaricə səfər etmək üçün icazə tələb edib. O, 7–8 iyulda Ankarada keçiriləcək NATO Zirvə Toplantısında həyat yoldaşı Pedro Sançezi müşayiət etmək, daha sonra isə Londonda qızının məzuniyyət mərasimində iştirak etmək niyyətindədir.
Xəbərlərdə qeyd olunub ki, NATO-nun Ankara Zirvə Toplantısına qatılan dövlət və hökumət başçılarının həyat yoldaşları da rəsmi şəkildə tədbirə dəvət olunublar.
Məhkəməyə təqdim edilən ərizədə vurğulanıb ki, səfər zamanı Qomezin təhlükəsizliyi baş naziri bütün rəsmi xarici səfərlərində müşayiət edən dövlət mühafizə qrupu tərəfindən təmin olunacaq. Buna görə də onun ölkədən çıxışının heç bir təhlükəsizlik riski yaratmadığı bildirilib.
Aytən Yaşar/ Turkustan.az