Suriya Prezidenti Əhməd Şara paytaxt Dəməşqdəki Xalq Sarayında Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.
Turkustan.az xəbər verir ki, görüşdə Türkiyənin Dəməşqdəki səfiri Nuh Yılmaz və Suriyanın daxili işlər naziri Ənəs Xəttab da iştirak ediblər.
Suriya Prezident Aparatının yaydığı məlumata görə, tərəflər iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi, eləcə də ortaq təhlükəsizlik təhdidlərinə qarşı birgə mübarizə və təcrübə mübadiləsi məsələlərini müzakirə ediblər.
Görüşdə Türkiyə ilə Suriya arasında əməkdaşlığın genişləndirilməsinin regional təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə töhfə verəcəyi vurğulanıb.
Mustafa Çiftçi Dəməşqə səfəri çərçivəsində bundan əvvəl Suriyanın daxili işlər naziri Ənəs Xəttab, eləcə də Fəlakət və Təcili Yardım naziri Raid Saleh ilə də görüş keçirib.
Aytən Yaşar/ Turkustan.az