Ərdoğanın NATO ilə bağlı çağırışı zirvəyə damğa vurdu


NATO Parlament Assambleyasının İstanbulda keçirilən Zirvə toplantısı davam edir.

Turkustan.az xəbər verir ki, tədbir çərçivəsində 20 ölkənin parlament sədrləri Türkiyəyə səfər edib. Prezident Rəcəb Tayyib Ərdoğan qonaqların şərəfinə təşkil olunan naharda çıxış edib.

Ərdoğan bildirib ki, Avropa təhlükəsizlik baxımından tarixi dönüş mərhələsindən keçir və hazırda beynəlxalq mühitdə qeyri-müəyyənlik hökm sürür. Onun sözlərinə görə, İstanbuldakı Zirvə NATO müttəfiqləri arasında həmrəyliyin nümayişi baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident qeyd edib ki, regionda baş verən hadisələr təhlükəsizlik anlayışını dəyişdirib və NATO-nun daha güclü çəkindirici potensiala malik olması vacibdir. O vurğulayıb ki, Türkiyə yeni təhlükəsizlik reallıqlarını düzgün qiymətləndirən ölkələrdən biridir, sülhü dəstəkləyir və bu sahədəki təcrübəsini müttəfiqləri ilə bölüşməyə hazırdır. Ərdoğan həmçinin Ankaranın Avropada həyata keçirilən bütün müdafiə təşəbbüslərində iştirak etmək iradəsinə malik olduğunu bildirib.

Terrorla mübarizəyə də toxunan Türkiyə Prezidenti bu istiqamətdə qətiyyətli olduqlarını vurğulayaraq terrorizmin tamamilə aradan qaldırılması məqsədilə fəaliyyətlərini davam etdirdiklərini deyib.

Müdafiə sənayesi sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edən Ərdoğan, müdafiə ticarəti qarşısındakı məhdudiyyətlərin aradan qaldırılmasının vacibliyini bildirib və Türkiyənin kollektiv təhlükəsizlik yükünün bölüşdürülməsində üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ