Qlobal iqlim dəyişikliyi planetin ekoloji tarazlığını sürətlə pozmaqda davam edir. Hazırda Avropa qitəsi son onilliklərin en kəskin anomal isti hava dalğası ilə mübarizə aparır. Yüksək temperatur təkcə gündəlik həyatı iflic etməklə qalmır, həm də qitənin ekosisteminə, xüsusilə dağ buzlaqlarının sürətlə əriməsinə və su resurslarının tükənməsinə səbəb olaraq qlobal ekoloji böhranı daha da dərinləşdirir. Dünyanın bir tərəfində baş verən bu iqlim kataklizmləri zəncirvari effektlə digər regionlar, o cümlədən Cənubi Qafqaz üçün də ciddi siqnala çevrilir.
Bəs Avropanı cənginə alan bu anomal isti hava dalğası fonunda yaxın günlərdə Azərbaycanda da kəskin temperatur artımı və bənzər ekoloji risklər gözlənilirmi? Qlobal iqlim dəyişikliyinin ölkəmizin su ehtiyatlarına, kənd təsərrüfatına və ümumi ekosisteminə vura biləcək real təsirləri nələrdən ibarətdir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən ekoloq Sadiq Həsənov bildirib ki, Avropada baş verən bu anomal istilər, demək olar ki, son 50 ilin ən kəskin iqlim hadisələrindən biridir:
"Düzdür, əvvəllər də bənzər istilər qeydə alınıb, ancaq temperaturun xüsusilə qitənin qərb və şimal bölgələrində 40-41 dərəcəyə yüksəlməsi güclü istiləşmə effekti yaradıb. "Kopernik" Hava Məlumatı Bürosunun açıqlamasına görə, Atlantik okeanından gələn isti hava kütlələrinin təsiri ilə bu anomal vəziyyət hələ bir müddət də davam edəcək".
Müsahibimiz qeyd edib ki, bu iqlim dəyişikliyinin artıq çox ciddi fəsadları var. Hündür dağlardakı buzlaqların sürətlə əriməsi səbəbindən İsveçrə, İsveç və digər Avropa ölkələrinin alimləri həyəcan təbili çalırlar. Hətta mövcud isti hava dalğası fonunda buzlaqların 25%-ə qədər azaldığı bildirilir.
Sadiq Həsənov: Temperatur qlobal miqyasda artmaqda davam edir
Ekspert vurğulayıb ki, Avropadakı bu proseslərin Azərbaycana da təsirləri qaçılmazdır:
"Çünki ölkəmizə daxil olan hava siklonlarının və kütlələrinin bir qismi məhz Qərbi Avropa üzərindən keçərək gəlir. Həmçinin Şərqi Sibirdən gələn soyuq və ya isti hava axınları da var. Hərçənd Qafqaz sıra dağları müəyyən qədər bu kütlələrin qarşısını kəsə bilir, lakin ümumi istiləşmə dalğasının ölkəmizə daxil olması qaçılmazdır. Biz bu prosesi artıq iyun ayında da açıq şəkildə müşahidə etdik. Eyni zamanda, Aralıq dənizindən gələn isti hava siklonlarının da hərəkəti sürətlənib".
S.Həsənov qeyd edib ki, Avropadakı ümumi fon Cənubi Qafqazda, o cümlədən Azərbaycanda iyul və avqust aylarının olduqca isti keçəcəyindən xəbər verir. Bu aylarda isti havaların müddəti uzanacaq, lakin arabir kəskin dəyişikliklər və qısamüddətli yağışlar da qeydə alına bilər. Yağışlardan sonra isə yenidən istiləşmə dalğası bərpa olunacaq.
Müsahibimizin sözlərinə görə, temperatur qlobal miqyasda artmaqda davam edir və buna paralel olaraq yanacaq istehlakı da çoxalır:
"Aparılan son müşahidələrin nəticələri artıq ortadadır. Biz daxil olduğumuz bu yeni iqlim reallığına müəyyən qədər hazır olmalı və proseslərin fəsadlarına qarşı adaptasiya olunmalıyıq".