Tramp dünyanın gözlədiyi xəbəri çatdırdı


ABŞ prezidenti Donald Tramp İranla diplomatik təmaslarda irəliləyiş əldə olunduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, Trampın sözlərinə görə, İran tərəfi görüş təşəbbüsü ilə çıxış edib və ABŞ ilə İran nümayəndə heyətləri sabah Qətərin paytaxtı Dohada bir araya gələcək.

İranlı yüksəkvəzifəli rəsmilərdən birinin bildirdiyinə görə, Dohada keçiriləcək görüş əvvəllər İsveçrədə təşkil olunan texniki danışıqlardan fərqli formatda olacaq. Müzakirələrin əsas mövzularını Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi, dəniz nəqliyyatının bərpası və regionda gərginliyin azaldılması təşkil edəcək.

Bundan əvvəl, iyunun 17-də ABŞ və İran arasında dörd aylıq qarşıdurmanın dayandırılmasına yönəlmiş 14 maddəlik anlaşma memorandumu imzalanmışdı. Sənədə əsasən, tərəflər hərbi əməliyyatların dayandırılması və dünya nefti ilə mayeləşdirilmiş təbii qaz ticarətinin mühüm hissəsinin həyata keçirildiyi Hörmüz boğazının beynəlxalq gəmiçilik üçün açıq saxlanılması barədə razılığa gəliblər.

Hörmüz boğazında yaranan gərginlik səbəbindən neftin qiyməti bir barel üçün 100 dolları keçmiş, bu isə qlobal inflyasiya təzyiqlərini artırmışdı. ABŞ-da yanacağın bahalaşmasının Prezident Donald Tramp üzərində siyasi təzyiq yaratdığı da bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ