İsrail hökumətinin qondarma “erməni soyqırımı”nı tanımaq barədə qərarı təkcə tarixi hadisələrə münasibətin ifadəsi kimi deyil, son aylarda Ankara–Təl-Əviv münasibətlərində müşahidə olunan dərin siyasi qarşıdurmanın davamı kimi qiymətləndirilə bilər.
Qəzza müharibəsindən başlayaraq Suriya məsələsində açıq rəqabətə keçən, daha sonra İran ətrafındakı regional proseslər fonunda daha da sərtləşən münasibətlər iki ölkə arasında diplomatik gərginliyi yeni mərhələyə çıxarıb. Belə bir şəraitdə qəbul edilən qərarın zamanlaması onun daha çox siyasi mesaj xarakteri daşıdığını göstərir.
Son dövrdə Türkiyənin Yaxın Şərqdə artan diplomatik fəallığı, Suriyada təsir imkanlarını genişləndirməsi və regionun gələcək təhlükəsizlik arxitekturasında mühüm aktora çevrilməsi İsraildə narahatlıq doğuran amillərdən biri kimi qiymətləndirilir. Bu baxımdan, erməni məsələsinin yenidən gündəmə gətirilməsi Ankaraya əlavə siyasi təzyiq mexanizmi formalaşdırmaq cəhdi təsiri bağışlayır. Lakin belə addımların Türkiyənin hüquqi mövqeyini dəyişdirməsi və ya Ankara üzərində ciddi beynəlxalq təzyiq yaratması real görünmür. Son illərdə müxtəlif ölkələrin oxşar qərarları da Türkiyənin regional və beynəlxalq siyasətində fundamental dəyişiklik yaratmayıb.
Əksinə, bu qərarın ən mürəkkəb nəticələri məhz İsrailin özü üçün yarana bilər. Bir tərəfdən, İsrail son illərdə Ermənistanla münasibətlərini inkişaf etdirməyə çalışsa da, rəsmi İrəvan hazırda Türkiyə ilə normallaşma prosesini davam etdirməkdə maraqlıdır. Baş nazir Nikol Paşinyan daxildə tarixi məsələlərin siyasi gündəmdən tədricən çıxarılmasına çalışdığı bir vaxtda, İsrailin bu addımı radikal müxalifət, erməni diasporu və kilsə tərəfindən hakimiyyətə qarşı yeni siyasi arqument kimi istifadə oluna bilər. Bu isə İrəvanda daxili siyasi gərginliyi artırmaqla yanaşı, Ermənistan rəhbərliyinin həyata keçirməyə çalışdığı yeni xarici siyasət kursunu da çətinləşdirə bilər.
Digər tərəfdən, İsrail bu qərarla özünün strateji tərəfdaşlarından biri olan Azərbaycan üçün də arzuolunmaz diplomatik vəziyyət formalaşdırır. Azərbaycan həm Türkiyə ilə müttəfiqlik münasibətlərinə, həm də İsraillə təhlükəsizlik və enerji sahəsində strateji əməkdaşlığa malikdir. Belə həssas məsələlərin gündəmə gətirilməsi Bakı üçün balanslaşdırılmış xarici siyasətin daha mürəkkəb şəraitdə aparılmasını tələb edir. Bu baxımdan qərar regional əməkdaşlığı təşviq etməkdən daha çox, yeni diplomatik gərginlik elementləri yaradır.
Beynəlxalq müstəvidə isə qərarın təsir imkanlarının məhdud qalacağı ehtimalı daha yüksək görünür. Son illərdə bu məsələ ilə bağlı qəbul edilmiş siyasi qərarlar artıq yeni hüquqi reallıq formalaşdırmayıb. Əksinə, beynəlxalq gündəmdə geosiyasi rəqabət, enerji təhlükəsizliyi, Ukrayna müharibəsi və Yaxın Şərqdə davam edən böhranlar daha prioritet mövzulara çevrilib. Buna görə də İsrail hökumətinin təşəbbüsünün beynəlxalq münasibətlər sistemində ciddi dönüş yaratması inandırıcı görünmür.
Bundan əlavə, İsrail daxilində də bu mövzu ətrafında vahid siyasi mövqenin formalaşacağı sual altındadır. Hökumətin qərarının qanunverici orqanda geniş dəstək qazanması asan görünmür. İsrail siyasi sistemində Türkiyə ilə münasibətlərin tamamilə qırılmasının ölkənin regional maraqlarına uyğun olmadığını düşünən siyasi qüvvələr də mövcuddur. Bu səbəbdən parlament müzakirələri zamanı həm regional təhlükəsizlik, həm iqtisadi maraqlar, həm də diplomatik nəticələr nəzərə alınaraq fərqli yanaşmaların ortaya çıxacağı istisna edilmir.
Nəticə etibarilə, bu addım daha çox simvolik siyasi mesaj xarakteri daşıyır. Türkiyə üçün ciddi hüquqi və ya strateji nəticələr yaratmaq potensialı zəif görünür. Əvəzində qərar İsrailin həm Ermənistanla münasibətlərində gözlənilməz daxili siyasi təsirlər yarada, həm də Azərbaycan və Türkiyə ilə münasibətlərində əlavə etimad problemi formalaşdıra bilər. Regionda onsuz da yüksək olan gərginlik fonunda bu cür qərarlar yeni əməkdaşlıq imkanları yaratmaqdan daha çox, qarşılıqlı etimadsızlığı dərinləşdirən amillər kimi qiymətləndirilə bilər. /bakivaxti.az/