Dünyanı həyəcanlandıran xəbərdarlıq! 25.000 insan həyatını itirə bilər


Avropa son illərin ən güclü isti hava dalğalarından biri ilə üz-üzədir.

Turkustan.az xəbər verir ki, meteoroloqların proqnozlarına görə, Şimali Afrikadan gələn isti hava kütlələri qitənin böyük hissəsini əhatə edəcək və bir çox ölkədə temperatur 40 dərəcədən yuxarı qalxacaq.

Fransa, İspaniya, İtaliya, Portuqaliya və Yunanıstan da daxil olmaqla bir sıra ölkələrdə xəbərdarlıq səviyyəsi yüksəldilib. Yerli hakimiyyət orqanları vətəndaşlara zəruri olmadıqca günün ən isti saatlarında çölə çıxmamağı tövsiyə edir.

Xarici KİV-lər tərəfindən “əjdaha istisi” adlandırılan isti hava dalğasının ciddi nəticələrə səbəb ola biləcəyi bildirilir. Mütəxəssislər xüsusilə yaşlılar, uşaqlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərin daha böyük risk altında olduğunu vurğulayırlar.

Bəzi qiymətləndirmələrə görə, həddindən artıq istilər səbəbindən bir həftə ərzində ölənlərin sayı 25 min nəfərə çata bilər. Bununla belə, bu rəqəmlər müxtəlif ssenarilər əsasında hazırlanmış proqnozlar kimi təqdim olunur.

Mütəxəssislərin sözlərinə görə, isti hava yalnız gündüz saatlarında deyil, gecə boyunca da təsirini göstərəcək. Xüsusilə iri şəhərlərdə asfalt və beton örtüklərin yaratdığı “istilik adası” effekti səbəbindən temperaturun yüksək səviyyədə qalacağı gözlənilir.

Səhiyyə mütəxəssisləri əhaliyə bol maye qəbul etməyi, birbaşa günəş şüalarından qorunmağı və açıq havada uzun müddət qalmamağı tövsiyə edirlər. Həmçinin yaşlı və sağlamlıq problemləri olan şəxslərin vəziyyətinin mütəmadi izlənilməsinin vacibliyi vurğulanır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ