ABŞ Prezidenti Donald Tramp, Çin Xalq Respublikasının Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin bu həftə ilk dəfə üçtərəfli formatda görüşəcəklər.
Turkustan.az xəbər verir ki, Çinin cənubundakı texnologiya mərkəzi Şençjendə keçiriləcək tarixi sammitin əsas gündəliyini nüvə silahlarının azaldılması və yayılmaması təşkil etsə də, İran ətrafındakı müharibənin də müzakirə olunacağı gözlənilir.
Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Zirvə Görüşü çərçivəsində baş tutacaq bu görüş üç ölkə lideri arasında bu formatda ilk təmas olacaq. D.Tramp daha əvvəl dünyanın əsas nüvə dövlətləri arasında yeni razılaşmanın əldə olunmasının mümkünlüyünə inandığını ifadə etmişdi.
Ağ Evin mətbuat katibinin müavini Oliviya Uels jurnalistlərə açıqlamasında bildirib: "Prezident digər məsələlərlə yanaşı, dünyada nüvə silahlarının azaldılması mövzusunu da gündəmə gətirəcəyini açıq şəkildə bəyan edib. Prezident Trampın fikrincə, nüvə silahlarının yayılması son dərəcə təhlükəlidir".
Çin Xarici İşlər Nazirliyi tarixi görüşün cümə axşamı (19 noyabr) Şençjendə keçiriləcəyini rəsmi olaraq təsdiqləyib. Kreml də Rusiya liderinin sammitdə iştirak edəcəyini bundan əvvəl açıqlamışdı.
Aytən Yaşar/ Turkustan.az