Lapid: Hökumət tezliklə dəyişməsə, xarici əlaqələrimiz çökəcək


İsrailin keçmiş baş naziri və müxalifətdəki "Gələcək Var" partiyasının lideri Yair Lapid bildirib ki, Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumət dəyişdirilməsə, ölkənin beynəlxalq mövqeyi ciddi zərər görə bilər.

Turkustan.az xəbər verir ki, Lapid sosial şəbəkədə paylaşdığı açıqlamada son günlər İsrailin həm ABŞ, həm də Avropa İttifaqı ilə münasibətlərində gərginliyin artdığına diqqət çəkərək, "Əgər bu hökuməti tez bir zamanda dəyişməsək, İsrailin xarici əlaqələri çökəcək", - deyə vurğulayıb.

O qeyd edib ki, ABŞ prezidenti Donald Tramp Livana qarşı hücumlarla bağlı Netanyahu hökumətini açıq şəkildə tənqid edib. ABŞ-ın vitse-prezidenti JD Vens isə ABŞ-İran razılaşmasına qarşı çıxan maliyyə naziri Bezalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qviri hədəf alaraq, İsrail rəhbərliyinin təhlükəsizlik məsələlərinə yanaşmasını tənqid edib.

Lapid həmçinin İsrailin xarici işlər naziri Gideon Saarın Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallasla əlaqələri dayandırdığını xatırladaraq, bunun ölkənin əsas tərəfdaşları ilə münasibətlərə mənfi təsir göstərdiyini bildirib.

Qeyd edək ki, atəşkəsin uzadılması və ABŞ-İran razılaşmasına baxmayaraq, İsrail ordusu Livanın cənubunda hərbi əməliyyatları davam etdirir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ