Türkiyənin ana müxalifət partiyası olan CHP-də parlament qrup iclası ilə bağlı keçmiş sədr Kamal Kılıçdaroğlu və hazırkı sədr Özgür Özəl arasında mübahisə daha da kəskinləşib.
Turkustan.az xəbər verir ki,Kılıçdaroğlunun sabah saat 13:30-da qrup iclasında çıxış edəcəyini açıqlamasından sonra Özgür Özelin mətbuat xidməti də eyni gün və saat üçün ayrıca iclas çağırışı yayıb.
Hər iki tərəfin toplantılarını eyni vaxta təyin etməsi qurultay öncəsi partiya daxilindəki hakimiyyət mübarizəsini bir daha gündəmə gətirib. Diqqət çəkən məqamlardan biri də Özgür Özelin ofisinin yaydığı ikinci dəvətdə "CHP Parlament Qrup Toplantısı" ifadəsi əvəzinə sadəcə "Parlament Qrup Toplantısı" ifadəsinin istifadə olunması olub.
Özgür Özəl daha əvvəl verdiyi açıqlamada, "Qrup iclasını sabah keçirəcəyik, mən kürsüdə olacağam" deyərək mövqeyini ortaya qoymuşdu.
Bu açıqlamadan sonra Kamal Kılıçdaroğlu tərəfindən də rəsmi addım atılıb. Onun mətbuat katibi Atakan Sönməz CHP Ümumi Sədrliyindən Türkiyə Böyük Millət Məclisinin sədrinə göndərilən rəsmi məktubu ictimaiyyətlə bölüşüb. Məktub partiya daxilindəki böhranla bağlı müzakirələri daha da artırıb.
Aytən Yaşar/ Turkustan.az