Xəbər verdiyimiz kimi səhər saatlarından başlayaraq Ermənistanda Parlament seçkiləri ilə bağlı səsverməyə start verilib.
Turkustan.az xəbər verir ki, səsvermənin ilk dəqiqələrindən başlayaraq bəzi seçki prinsiplərinin pozulmasını əks etdirən görüntülər yayılır.
"HayaQue"nin yaydığı məlumata görə xeyli sayda faktlar ortaya çıxıb ki, bu da səsvermənin gizliliyi prinsipinin pozulmasını sübut edir.
"Təqdim etdiyimiz fotolardan da aşkar görünür ki, seçki məntəqəsindən ilk məlumatlar: "Vanadzordakı 23/51 saylı seçki məntəqələrində səsvermə kabinələrindən birinin arxasından hərəkət etmək, digərinin arxasında yerləşən pəncərədən isə səsvermə prosesini izləmək də mümkündür. Aşkar şəkildə, başqalarının görə biləcəyi şəraitdə səsvermə cəhdi, səsvermənin gizliliyi prinsipinin pozulması deməkdir! Bu, seçki günündəki ilk həyəcan verici xəbərlərdən biridir",- məlumatda qeyd edilib.
Qeyd edək ki, səsvermənin gizliliyi prinsipi seçicilərin öz iradələrini sərbəst şəkildə ifadə etməsini təmin edən, səsvermə prosesinə və ya nəticələrə kənar nəzarəti və təzyiqləri istisna edən fundamental demokratik hüquq normasıdır. Bu prinsip vətəndaşların təzyiqlərdən qorxmadan, öz siyasi və ya sosial mövqelərini açıqlamadan namizədləri və ya qərarları seçməsinə imkan verir. Bu prinsipin təminatının əsas mexanizmlərindən biri isə seçicinin xüsusi kabinə və ya otaqlarla təmin edilməsidir. Yəni, seçici bülleteni kənar şəxslərin gözündən uzaq, xüsusi ayrılmış gizli kabinədə və ya otaqda doldurmalıdır./publika.az

