Dünya rahat bir nəfəs alacaqmı? İrandan ABŞ-a maraqlı bir təklif


İranın ABŞ ilə danışıqları sürətləndirmək üçün nüvə mövzusunu müvəqqəti olaraq geri plana keçirməyi təklif etdiyi bildirilir. Məqsəd qısa müddətdə razılaşma əldə edərək gərginliyi azaltmaqdır.

Turkustan.az xəbər verir ki, “Axios”un ABŞ rəsmiləri və diplomatik mənbələrə istinadən yaydığı xəbərə görə, Tehran yeni yanaşmasında Hörmüz boğazının açılmasını və hərbi qarşıdurmanın dayandırılmasını əsas prioritet kimi irəli sürür. Bu addım regionda sabitliyin bərpasına yönəlmiş təşəbbüs kimi qiymətləndirilir.

Məlumata əsasən, İran nüvə proqramı ilə bağlı mübahisəli məsələlərin sonrakı mərhələyə saxlanmasını təklif edir. Bu isə ilkin olaraq tərəflər arasında ümumi çərçivə razılaşmasının əldə olunmasına hesablanıb.

Eyni zamanda, ölkə daxilində nüvə proqramı ilə bağlı mümkün güzəştlər üzərində fikir ayrılıqları olduğu bildirilir. Buna görə də, bu mövzunun təxirə salınması daxili siyasi balansın qorunmasına xidmət edə bilər.

Analitiklər hesab edir ki, Hörmüz boğazının açılması və qarşıdurmanın dayandırılması ABŞ-ın İrana qarşı təzyiq imkanlarını müəyyən qədər azalda bilər. Xüsusilə, uranın zənginləşdirilməsi və nüvə fəaliyyətlərinə qoyulan məhdudiyyətlərlə bağlı danışıqlarda Vaşinqtonun mövqeyinin zəifləyə biləcəyi vurğulanır.

Bu arada, ABŞ prezidenti Donald Trampın məsələni müzakirə etmək üçün Ağ Evdə milli təhlükəsizlik komandası ilə Situasiya Otağında iclas keçirəcəyi gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ