“Hicab dini əmr deyil” demişdi: Azərbaycanda gündəm olan Yaşar Nuri kimdir? – VİDEO


Son günlər Azərbaycanda hicabla bağlı müzakirələr fonunda türkiyəli ilahiyyatçı Yaşar Nuri Öztürkün illər əvvəl səsləndirdiyi fikirlər diqqət çəkib. O, qadınların baş örtüyü məsələsinin islamda qəti dini əmr olması fikrinə qarşı çıxıb, müasir türban formasını isə kəskin tənqid edib.

Bəs Yaşar Nuri Öztürk kimdir?

Turkustan.az Globalinfo.az-a istinadla onun haqda maraqlı məlumatları təqdim edir.

Əvvəlcə qeyd edək ki, Yaşar Nuri Öztürk 5 fevral 1951-ci ildə Türkiyənin Trabzon vilayətinin Sürmene rayonunda anadan olub. O, uşaqlıqdan Quran təhsili alıb, doqquz yaşında hafiz olub və klassik mədrəsə təhsili keçib. Daha sonra ilahiyyat və hüquq üzrə ali təhsil alıb. Ümumiyyətlə, Öztürk ilahiyyatçı, professor, hüquqşünas, yazıçı və siyasətçi kimi tanınıb. Uzun illər İstanbul Universitetində çalışıb, universitetin İlahiyyat fakültəsinin qurucu dekanı olub. 2002-ci ildə Türkiyə Böyük Millət Məclisinə deputat seçilib.

Onun dini düşüncəsinin əsas istiqaməti nə idi?

Öztürkün əsas yanaşması islam dininin Quran əsasında anlaşılması idi. O, din adı altında yayılan xurafatları, insanların dini inanclardan istifadə edərək manipulyasiya edilməsini və kor-koranə itaəti tənqid edirdi. İlahiyyatçının fikrincə, insan dini məsələlərdə düşünməli, araşdırmalı və deyilənləri Quranın məzmunu ilə müqayisə etməlidir. Bu yanaşma ona geniş auditoriya qazandırsa da, bəzi dini dairələrin etirazına da səbəb oldu.

Hicabla bağlı fikirləri Türkiyəni silkələdi

Yaşar Nuri Öztürk hicab və baş örtüyü məsələsində ənənəvi dini yanaşmadan fərqli mövqeyi ilə Türkiyədə mübahisələrə səbəb olmuşdu. 2008-ci il mayın 31-də verdiyi açıqlamada o, baş örtüyünün dini baxımdan qəti əmr deyil, mübahisəli şərh məsələsi olduğunu bildirmişdi. Öztürk müasir türban formasını kəskin tənqid edərək onu “rahibə geyimi” adlandırmışdı. O, öz anasının başını örtdüyünü, lakin müasir türban formasından istifadə etmədiyini demişdi. Həmçinin həyat yoldaşının və qızının başlarını örtməməsinə baxmayaraq, onların da dindar olduğunu vurğulamışdı. Öztürkün fikrincə, müsəlmanların dini həyatını yalnız baş örtüyü məsələsinə bağlamaq düzgün deyildi, çünki bu, dinin insanlara çatdırdığı digər dəyərləri kölgədə qoyurdu. Bu açıqlamalar onun hicabın dini hökmü və müasir türbanın mənşəyi barədə fikirlərini Türkiyədə geniş müzakirə mövzusuna çevirmişdi.

y2

Akademik fəaliyyəti

Öztürk həm də türk, ingilis, alman və fars dillərində 38 əsərin müəllifi olub. O, ABŞ-ın Nyu-York şəhərində qonaq professor kimi də çalışıb. Bu məlumatlar onun ictimai obrazının yalnız televiziya çıxışlarından ibarət olmadığını göstərir. Yəni Öztürk akademik fəaliyyət, kitab müəllifliyi və siyasəti birləşdirən ictimai fiqur idi.

Onun tanınmış kitablarından biri “Kur’an’daki İslam”dır (Qurandakı İslam). Əsərin əsas mövzusu islamın anlaşılmasında Quranın roludur. Öztürk dini anlayışların Quran mətnləri əsasında yenidən nəzərdən keçirilməsini müdafiə edirdi. İlahiyyatçının ictimai müzakirələrdə diqqət çəkən əsərlərindən biri “Allah ile Aldatmak”dır (Allah adı ilə aldatmaq). Əsərdə dinin şəxsi maraqlar, siyasi məqsədlər, hakimiyyət və ictimai təsir əldə etmək üçün vasitəyə çevrilməsi tənqid olunur.

Qadın hüquqları barədə parlament çıxışı

Öztürk 9 mart 2005-ci ildə Türkiyə parlamentində çıxışı zamanı cəmiyyətdə qadına münasibəti kəskin tənqid edib. O, həmin vaxt 550 deputatdan cəmi 24-nün qadın olmasını göstərərək, qadınların əhalinin 52 faizini təşkil etdiyi halda parlamentdə bu qədər az təmsil olunmasını demokratiya baxımından ziddiyyətli hesab edib. O, İslam dünyasında qadının nəzəri olaraq ucaldıldığını, amma real həyatda çox vaxt alçaldıldığını və istismar edildiyini vurğulayıb. Qadınlara qarşı zorakılıq, məişət zorakılığı və “namus cinayətləri” probleminə də diqqət çəkib. Ən diqqətçəkən fikirlərindən biri bu olub: qadınların vəziyyətini yalnız qanunları dəyişməklə yaxşılaşdırmaq mümkün deyil, bunun üçün cəmiyyətdə düşüncə tərzi dəyişməlidir. O, qadına qarşı haqsızlığın bəşəriyyətin özünə ağır nəticələr gətirdiyini bildirib.

Siyasi sahədən də kənarda qalmadı

Yaşar Nuri Öztürk təkcə dini çıxışları ilə deyil, siyasi fəaliyyəti ilə də diqqət çəkib. O, 2002-ci ildə Cümhuriyyət Xalq Partiyasından (CHP) İstanbul millət vəkili seçilsə də, dinə münasibət, dünyəvilik və partiyanın siyasi xətti ilə bağlı fikir ayrılıqlarına görə 2004-cü ildə partiyadan ayrılıb. Daha sonra özünün Halkın Yükselişi Partiyasını yaradaraq Türkiyə siyasətində müstəqil yol tutmağa çalışıb. Lakin 2007-ci il parlament seçkilərində partiyası cəmi 0,51 faiz səs toplayaraq parlamentə düşə bilməyib. Öztürk siyasi çıxışlarında Atatürkçülüyü, dünyəviliyi və milli suverenliyi müdafiə edir, AKP hökumətini isə Qərbdən asılılıqda ittiham edirdi.

y1

Yaşar Nuri Öztürkün Atatürk sevgisi

Yaşar Nuri Öztürk Atatürkü Türkiyədə dünyəvi dövlət quruluşunun və milli suverenliyin əsas siması kimi qiymətləndirirdi. O, 2005-ci ildə Türkiyə parlamentindəki çıxışında ölkəsinin “mülayim İslam modeli” deyil, Atatürk Cümhuriyyəti modeli olduğunu vurğulamışdı. Öztürkün fikrincə, Atatürk din adı altında formalaşdırılan tabulara qarşı çıxaraq insanların düşüncə azadlığına yol açmışdı. O, dünyəviliyi hüquqi dövlətin əsas şərtlərindən biri hesab edir, dinin siyasi məqsədlər üçün istifadə edilməsini tənqid edirdi. 2007-ci ildəki çıxışında isə Atatürk irsini ərəb neftindən daha qiymətli və qalıcı sərvət kimi xarakterizə etmişdi. Bu mövqeyi ilə Öztürk dindarlıqla Atatürkçülüyün bir-birinə zidd olmadığını müdafiə edirdi.

İlahiyyatçının son anları

Yaşar Nuri Öztürk mədə xərçəngindən əziyyət çəkirdi və uzun müddət bu xəstəliklə mübarizə aparıb. Ona 2011-ci ildə mədə xərçəngi diaqnozu qoyulub və uzun müddət müalicə alıb. 2011-ci il noyabrın 12-də xəstəliklə əlaqədar əməliyyat olunub, ardınca təxminən üç ay yarım kimyaterapiya müalicəsi alıb. Lakin sonrakı illərdə xərçəng yenidən ağırlaşıb. 2016-cı ilin iyununda səhhəti kəskin pisləşib və İstanbulda Yeditepe Universiteti Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, 22 iyun 2016-cı ildə, 65 yaşında vəfat edib.


MANŞET XƏBƏRLƏRİ