Almaniyada Azərbaycan məktəblərində hicabla bağlı məhdudiyyətlərə etiraz məqsədilə mitinq keçirilib. Aksiya zamanı Azərbaycan himninin sədaları altında İran bayrağının dalğalandırılması müzakirələrə səbəb olub.
Turkustan.az xəbər verir ki, modern.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bunu siyasi islamın mahiyyətini göstərən məqam kimi qiymətləndirib. Onun sözlərinə görə, hadisə hicab məsələsinin hansı məqsədlərlə istifadə olunduğunu görməyə imkan verir.
Deputat bildirib ki, belə aksiyalar din üzərindən cəhalətin yayılması və Azərbaycanın inkişafdan geri qalmasının arzulandığı barədə narahatlıqları daha aydın göstərir.
“Əslində, Almaniyada bu hərəkətin edilməsi Azərbaycan insanının hicabın necə bəhanəyə çevrildiyini sona qədər müşahidə edə bilməsi baxımından yaxşıdır. Azərbaycanda cəhalətin din üzərindən ölkənin müəyyən qədər tənəzzülə uğramasının arzulandığı məkan haradır və niyə Azərbaycanda müstəqilliyi, sağlam din anlayışını sevmirlər, bizi yenidən İran, Əfqanıstan modeli ilə yaşamağa yönəlik çağırışlar niyə edilir – bunların hamısı aydın olur. İllərdir cəhalətin milləti hansı fəlakətlərə sürükləyəcəyi barədə danışırıq”, – deyə Fazil Mustafa qeyd edib.

Komitə sədri Azərbaycanda hicabla bağlı ümumi qadağanın olmadığını vurğulayıb. O bildirib ki, dövlətinə bağlı, inanclı insanlarla bağlı problem yoxdur, lakin siyasi islamın tərəfdarları hicab məsələsindən ideoloji məqsədlərlə istifadə edirlər.
“Burada hicabla bağlı qadağa yoxdur və insanların heç bir hüququ pozulmur. Sadə, dövlətinə bağlı inanclı insanlarla bağlı heç bir problem yoxdur. Siyasi islamın ardıcılları üçün bu məsələ, əlbəttə, problemdir. Bunlar siyasi islamı təmsil edirlər, inanc ikinci dərəcəli məsələdir, ideoloji baxımdan islamın içərisində yer alırlar. Amma xeyli insan var ki, dinini sevir, ibadətlərini edir, həm də dövlətini sevir və onun qərarlarına, Konstitusiyaya tabe olur. Ancaq hazırda bu məsələ daxili deyil, daha çox xaricdən körüklənir”, – deputat bildirib.
Fazil Mustafa məktəblərdə dini geyim məsələsinə də münasibət bildirib. O vurğulayıb ki, təhsil müəssisələrinin dini ideologiyalardan kənarda qalması dövlətin qəbul etdiyi yanaşmadır və məktəblər bütün şagirdlərin birgə təhsil aldığı məkan olmalıdır.
“Kimlərsə uşaqların hicaba keçə biləcəyini uydurublar. İslamda, Quranda belə bir şey yoxdur. Yetkinlik yaşına çatanlar hicab bağlaya bilərlər və buna heç bir əngəl də yoxdur. Belə bir vaxtda məktəbin dini ideologiyadan kənarda olması dövlət tərəfindən məqbul sayılır. Hətta Türkiyənin özündə bunun nə qədər zərərli olduğunu son proseslər göstərdi. Bununla elmin inkişafına daha çox nail olunmadı ki... Ona görə də məktəbi hamının birgə təhsil aldığı məkana çevirməliyik, fərqləndirməməliyik”, – deyə komitə sədri bildirib.
Deputat əlavə edib ki, hicabla bağlı insan hüquqlarının pozulması halları varsa, onlar konkret şəkildə ortaya qoyulmalıdır.
“Amma digər məsələlərdə hicabla bağlı, insan hüquqlarının pozulması ilə bağlı nəsə varsa, desinlər, bəli, biz də onları müdafiə edək. Kimə məscidə getməyə, özəl şirkətdə hicablı olmağa, küçədə hicab taxmağa qadağa yoxdur”.