Zelenski geri çəkildi, Vaşinqtondan Avropaya təzyiq artdı


Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-la danışıqları davam etdirmək üçün geri addım atıb.

Turkustan.az xəbər verir ki, Zelenski “Bloomberg”ə açıqlamasında ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerlə görüşəcəyini bildirib.

Digər tərəfdən, ABŞ-ın maliyyə naziri Skott Bessent Ukraynaya dəstək məsələsində Avropa ölkələrini sərt tənqid edib. O, NBC telekanalına müsahibəsində Avropa dövlətlərinin Rusiyadan daha çox məhsul idxal etdiyini vurğulayaraq, bunun Moskvanın maliyyələşdirilməsinə töhfə verdiyini iddia edib.

“ABŞ Rusiyadan cəmi 4 milyard dollar dəyərində məhsul alır. Avropalılar isə bu məbləğdən on dəfədən çox idxal edirlər”, – deyə, Bessent bildirib.

ABŞ rəsmisi Avropa ölkələrinin Ukraynaya hava hücumundan müdafiə sistemləri ilə dəstək vermək imkanlarının olduğunu da qeyd edib.

“Kiyev hava hücumundan müdafiə dəstəyi istəyəndə avropalıların çoxlu sayda “Patriot” sistemi var. Bəs niyə onları təmin etmirlər?” – deyə, nazir sual edib.

Bessent, həmçinin Avropa müttəfiqlərinin Çin və Hindistana qarşı ikinci dərəcəli tariflərin tətbiqində ABŞ-a qoşulmaqdan imtina etdiklərini bildirib.

“Bəs niyə ABŞ bu yükü təkbaşına daşımalıdır?” – deyə, o əlavə edib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ