Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Türkiyə və Yaxın Şərq ölkələri Ukrayna, ABŞ və Rusiya arasında mümkün sülh danışıqları üçün əsas platformalar olaraq qalır.
Turkustan.az xəbər verir ki, Zelenski bu fikirləri jurnalistlərlə söhbəti zamanı səsləndirib. O, Ukrayna ilə Rusiya arasında danışıqların bərpası ehtimalı və görüşün mümkün formatı ilə bağlı suala cavab verib.
Prezident qeyd edib ki, danışıqların formatı, vaxtı və məkanı Ukraynadan asılı deyil, lakin ölkəsi istənilən vaxt və istənilən formatda görüşə hazırdır.
Zelenskinin sözlərinə görə, artıq müəyyən ölkələrdə belə görüşlər keçirilib və bu baxımdan Türkiyə açıq platforma olaraq qalır. O, həmçinin Yaxın Şərq regionunda mövcud atəşkəs rejiminin danışıqlar üçün daha təhlükəsiz mühit yaratdığını vurğulayıb.
Eyni zamanda, Ukrayna tərəfi Rusiya və Belarus istisna olmaqla, digər ölkələrdə danışıqlar aparmaqdan çəkinmədiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az