İranın yeni Ali Rəhbəri Müctəba Xameneyinin ABŞ və İsrail hərbi hava qüvvələrinin Tehranın mərkəzindəki iqamətgahına endirdiyi raket zərbələri nəticəsində yaralanması ilə bağlı ilk rəsmi təfərrüat açıqlanıb.
Turkustan.az xəbər verir ki, İranın yüksək rütbəli rəsmisi Əzim İbrahimpur Ali Rəhbərin səhhəti və aldığı xəsarətin növü barədə dünya mediasını sarsıdan bəyanat verib.
İbrahimpurun sözlərinə görə, hücum anında kompleksin ərazisində olan Xameneyi raketlərdən birinin partlayış dalğası nəticəsində ayağından yüngül xəsarət alıb. O, Ali Rəhbərin həyatı üçün hər hansı təhlükənin olmadığını və hazırda öz vəzifələrinin icrasını davam etdirdiyini vurğulayıb.
Rəsmi Tehran beynəlxalq mediada və sosial şəbəkələrdə yayılan digər ağır travmalar, xüsusən də Xameneyinin komaya düşməsi və ya daxili orqanlarının ciddi zədələnməsi barədə xəbərləri qətiyyətlə təkzib edərək, bu məlumatları "düşmən təbliğatı və yalan" adlandırıb.
Xatırladaq ki, fevralın sonunda baş tutan bu hücum zamanı Ali Rəhbərin iqamətgahı ilə yanaşı, SEPAH-ın bir neçə strateji komanda mərkəzi də hədəf alınmışdı.
Xameneyinin yaralanması faktının rəsmən təsdiqlənməsi İranda hərbi və siyasi gərginliyi daha da artırıb, ölkə boyu "intiqam" çağırışlarını alovlandırıb. /Musavat.com/