ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?


İranın ABŞ-ın “radara yaxalanmayan” F-35 təyyarəsini vurmasını cənub qonşumuzun “özfəaliyyətinin” nəticəsi hesab etmirəm. Bütün radar sistemi vurulmuş, hava hücumundan müdafiə qurğuları tamamilə sıradan çıxarılmış İranın dünyanın ən müasir və görünməz təyyarəsini vurması inandırıcı deyil. İranın həqiqətən belə bir gücü vardısa, niyə özünün onlarla generalını, dini liderini, hərbi potensialını qorumadı? Niyə ən seçmə oğullarını qurban verdi?

Turkustan.az xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz İran səmasında F-35 təyyarəsinin vurulması barədə qeyd edib.

“Sözsüz ki, İranın öz gücü və qabiliyyəti hesabına ABŞ F-35-ni vurduğu ehtimalında bu və bənzər sualları cavablandırmaq mümkün deyil. Belə çıxır ki, İran Silahlı Qüvvələri indiyə qədər özü bu qurbanları verməkdə maraqlı olub və ABŞ-İsrail cütlüyünə yaratdığı əsrarəngiz fürsətlər mövcud rejimi tamamilə məhv etdikdən sonra “daha bəsdir, aldığını aldın, qalanlarına toxunma”, – deyib?

Fikrimcə, F-35-in vurulmasının ən doğru izahı bu imkanın 3-cü qüvvə tərəfindən İrana qazandırılmasıdır. Bəs bu 3-cü qüvvə kimdir? Rusiyamı, Çinmi, yoxsa ABŞ-İsrail cütlüyündəki müharibənin uzadılmasını istəyən qüvvəmi?

Əlbəttə, bu sualın cavabı zamanla bəlli olacaq. Hələlik isə onu deyə bilərəm ki, F-35 təyyarəsinin vurulmasından sonra ABŞ-İsrail cütlüyü üçün “üstüaçıq İran” dövrü bitdi. Bundan sonra İsrail də, ABŞ da İran üzərində təyyarə uçurarkən xeyli ehtiyatlı hərəkət etməli, ölkənin hava dərinliklərinə çox getmədən geri qayıtmalı olacaqlar. Bu da İran savaşının uzanması, ölkənin altının üstünə çevrilməsi, ABŞ və İsrailin müharibəyə daha çox maliyyə ayırması anlamına gəlir. Bəs, bu durum kimə sərf edir və ya ABŞ heç konkret nəticə əldə etmədən savaşdan çəkilərmi?

ABŞ-ın İran savaşından yarımçıq çəkilməsi az inandırıcıdır. Bu, onun Çin və Rusiya qarşısında ağır məğlubiyyəti anlamına gəlir. Əslində ABŞ-ın özü də bunun fərqindədir və məhz bu səbəbdən müharibəyə külli miqdarda vəsait ayırmaq barədə düşünür. Məlum olduğu kimi, ABŞ Müdafiə Nazirliyi İranla müharibə üçün əlavə 200 milyard dollar maliyyələşdirmə tələb edib. Ölkənin hərbi naziri Heqset bu tələblərini belə əsaslandırıb: “Pis adamları öldürmək üçün pul lazımdır”.

Elə bu faktın özü də göstərir ki, Pentaqona da İranı olduğundan daha qorxunc göstərmək sərf edir. İranın ABŞ-ın “yenilməz” təyyarəsini vuracaq qədər güclü olması faktı bu mənada Pentaqonun və silah sənaye şirkətlərinin işinə yarayır. Açığı, bu versiya mənim ən çox ağlıma batan mülahizədir. Amma onu da istisna etmirəm ki, Çin də ABŞ-a yerini göstərmək üçün İrana bəzi mühüm məlumatlar verərək təyyarənin vurulmasına nail olub”, – politoloq bildirib.

Ekspert İranın ABŞ təyyarəsini vura bilməsindən ən çox qazananların kimlər ola biləcəyi haqda da ehtimalını səsləndirib:

“Hadisələrdə iştirak etməsə də, İran-ABŞ/İsrail savaşının ən böyük qaliblərindən birinin Türkiyə olacağını düşünürəm. Ən çox uduzanın isə İran və İsrail olacağı bəllidir. Xüsusilə də F-35 təyyarəsinin vurulmasından sonra. Çünki bu hadisə savaşın tezliklə bitməsinin qarşısını alacaq və İran körfəzi neftinin Avropaya daşınmasının alternativ marşrutlarını gündəmə gətirəcək. Körfəzin Səudiyyə Ərəbistanı və BƏƏ kimi bəzi ölkələri bu problemi yerli imkanları ilə qismən çözüblər. Amma Qətər, Kuveyt, İraq, Bəhreyn kimi ölkələr tamamilə başqa marşrutlar tapmağa məhkumdur. Yeni marşrut ya İsrail, ya da Türkiyə üzərindən keçə bilər. Savaş uzanarsa, İsrail üzərindən keçiş o qədər də səmərəli olmayacaq. Ən azı, yaxın dövr ərzində. Daha yaxşı alternativ isə Türkiyənin uzun illərdir üzərində çalışdığı “Qalxınma yolu” marşrutudur. Bu marşrutla Fars körfəzinin enerji mənbələri İraq üzərindən Türkiyəyə və Avropaya daşına bilər. Təsadüfi deyil ki, 2024-cü ildə Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan Körfəz ölkələrinə səfər etmiş, İraq, Qətər və BƏƏ ilə bəzi iqtisadi əməkdaşlıq müqavilələri bağlamışdı. Bu səfər çərçivəsində keçirilən görüşlərdə BƏƏ-nin enerji naziri Süheyl Məhəmməd əl-Məzruinin iştirak etməsi danışıqlarda neft və qaz nəqli məsələsinin də yer aldığını göstərir.

Maraqlıdır ki, “Qalxınma yolu” projesi danışıqlarda “Ədviyyat dəhlizi”nin yox, “Bir kəmər, bir yol” layihəsinin tərkib hissəsi kimi ələ alınmışdır. Bu isə onu göstərir ki, Hindistan bu projedən uzaq tutulacaq, əsasən Çinlə əməkdaşlığa üstünlük veriləcək. Məncə, bu həqiqət İran-ABŞ/İsrail savaşında Çinin tərəfsiz qalmasını, hətta bu hərəkətsizliyinə görə İran Prezidenti Məsud Pezişkiyanın tənqidi ilə üzləşməsini də izah edir”. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ