İran hakimiyyəti beynəlxalq gəmiçilik üçün faktiki olaraq qapalı olan Hörmüz boğazında özünün nəzarət etdiyi xüsusi "təhlükəsiz keçid" marşrutu müəyyən edib və bu dəhlizdən istifadə edən gəmilərdən astronomik məbləğdə rüsum almağa başlayıb.
Turkustan.az xəbər verir ki, "Financial Times" və "Lloyd's List" nəşrlərinin yaydığı məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən idarə olunan bu yeni sistem çərçivəsində bəzi tanker operatorları bir keçid üçün 2 milyon dollara qədər ödəniş ediblər.
Məlumata görə, artıq ən azı doqquz gəmi İranın Larak adası yaxınlığından keçən bu "təhlükəsiz dəhliz" vasitəsilə boğazı tərk edib. İran parlamenti isə bu prosesi rəsmiləşdirmək üçün xüsusi qanun layihəsi hazırlayır; sənədə əsasən, boğazdan keçən enerji, qida və digər ticari yüklər üçün rəsmi "təhlükəsizlik vergisi" və tranzit rüsumları tətbiq olunacaq.
İran rəsmiləri bu addımı bölgədə naviqasiya təhlükəsizliyinin təmin edilməsi üçün göstərilən xidmətin qarşılığı kimi qələmə versələr də, beynəlxalq ekspertlər bunu "qlobal iqtisadi şantaj" və dünyanın ən mühüm su yolunun rəsmi Tehrun tərəfindən "pullu yola" çevrilməsi kimi qiymətləndirirlər.
Hindistan, Çin və Pakistan kimi ölkələrin artıq öz gəmilərinin təhlükəsiz çıxışı üçün Tehranla birbaşa danışıqlar apardığı bildirilir. Analitiklər xəbərdarlıq edirlər ki, bu cür yüksək tranzit haqları və artan sığorta xərcləri yaxın günlərdə dünya bazarında neftin və maye qazın qiymətində yeni sıçrayışlara səbəb olacaq. /Musavat.com/