Rusiya muzdluları sığortaladı - “Kifayət qədər tanınan şəxslər Azərbaycana geri verilməyəcək”


Rusiya Federasiya Şurası Rusiya Silahlı Qüvvələrində xidmət etmiş və ya "Xüsusi Hərbi Əməliyyatlar"da (XHƏ - SVO) iştirak etmiş əcnəbilərin xarici dövlətə ekstradisiyasından imtina qanununu təsdiqləyib.

“Bu qanun Ukraynada döyüşənləri bir növ sığortalamaq üçün atılmış addımdır".

“Yeni Sabah”a danışan hərbi bloger Tofiq Şahmuradov bildirib.

Qanun müqavilə əsasında xidmət etmiş və xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxsə də şamil olunur. Yeni sənədə əsasən, Rusiya Federasiyası Cinayət-Prosessual Məcəlləsinin 464-cü maddəsinə вэ dəyişikliklər edilib.

Lakin istənilən halda Azərbaycanın cinayət qanunvericiliyi "muzdlu döyüşçü" və "qanunsuz hərbi birləşməyə üzvülük" anlayışlarını özündə saxlayır.

“Bu qanun Ukraynada döyüşənləri bir növ sığortalamaq üçün atılmış addımdır. Digər ölkələrin, o cümlədən Azərbaycanın qanunvericiliyində baş ölkələrin silahlı birləşmələrində iştirak edənlər cinayət məsuliyyətinə cəlb olunurlar. Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bu istiqamətdə bir sıra addımlar atıb.

Amma Rusiya tərəfi həmin şəxsləri sığortalamaq üçün onlara vətəndaşlıq vədi də verir. Əlbəttə, Rusiya vətəndaşı olma Ukraynada döyüşən azərbaycanlıları hüquqi məsuliyyətdən azad etmir”.

Ekspert vurğulayıb ki, Rusiya bu qanun vasitəsi ilə Azərbaycan Baş Prokurorluğunun ekstradisiya tələblərini rədd edəcək:

“Başqa ölkənin vətəndaşlığını almış şəxslər 1 ay müddətində Azərbaycanın Dövlət Miqrasiya Xidmətinə bildirməlidir ki, mən artıq Rusiya vətəndaşıyam. Əgər bu istiqamətdə hər hansı müraciət yoxdursa, həmin şəxslər yenə cinayət məsuliyyəti daşıyırlar. Rusiya bu qanunla, Ukrayndada döyüşən və sosial şəbəkələrdə kifayət qədər tanınan azərbaycanlıları rəsmi Bakının hüquq-mühafizə orqanlarına geri verməyəcək”.

Xatırladaq ki, istər Ukrayna, istərsə də Rusiya ordusunda xidmət edən çoxlu azərbaycanlı var və ara-sıra onların yaralanması, həlak olması və ya itkin düşməsinə dair məlumatlar paylaşılır.


MANŞET XƏBƏRLƏRİ