102-ci baza hazırlıq vəziyyətinə gətirildi - sensasion iddialar


İrandakı müharibə fonunda Gümrüdəki 102-ci Rusiya hərbi baza ətrafında sensasion iddialar yayılıb. Musavat.com ermənilərin “Kavkazar” Teleqram kanalına istinadən xəbər verir ki, Ermənistan komandanlığı 102-ci bazanın bütün hava hücumundan müdafiə vasitələrinin tam döyüş hazırlığı vəziyyətinə gətirilməsini və hava müşahidə postlarının, eləcə də mobil atəş qruplarının gücləndirilməsini tələb edib. Teleqaram kanalı xəbər verir ki, İrəvanın bu tələbinə baxmayaraq, ermənilərin özləri hərbi əməkdaşlığı sabotaj edirlər.

Picture background

“Birgə hava hücumundan müdafiə komandanlıq məntəqəsində onlar radarlarından məlumat verməkdən imtina edir və yalnız erməni dilində ünsiyyət qururlar. İran üzərindəki hava məkanının bağlanması Gümrüdəki bazaya təchizatı da dayandırıb - digər ölkələr hərbi nəqliyyat təyyarələrinin Ermənistana daxil olmasına icazə verməkdən imtina edir” deyə, xəbərdə bildirilir.

İddia olunur ki, regional gərginlikdən istifadə edərək hərbi bazaya qarşı PUA-larla bağlı təxribatlara hazırlanır.

“102-ci bazanın hərbi personal ehtiyat edir ki, əgər hava hücumundan müdafiə sistemləri İran dronları vurularsa, qalıqlar mülki infrastruktura zərər verə bilər ki, bu da maraqlı olanlar üçün çox əlverişli bəhanə olardı.
Yəni İran ətrafında müharibə davam edərkən, Gümrüdə Rusiya kontingentinin çıxarılması üçün bəhanə yarana bilər. Elə dünən baş nazir Nikol Paşinyan Rusiya bazasının hazırda “respublikanın Avropa istəklərinə mane olmadığını” bildirib, lakin gələcəkdə bunun dəyişə biləcəyinə işarə etdi. Ermənistan hakimiyyəti tərəfindən açıq şəkildə dəstəklənən Gümrü bazası ətrafındakı informasiya təxribatları uzun müddətdir ki, İrəvanın Rusiya kontingentinə qarşı zərbə üçün zəmin hazırlamağa çalışdığını açıq şəkildə göstərir” deyə, Teleqram kanalı iddia edib.

Picture background

Musavat.com bildirir ki, Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası ətrafında yayılan məlumatlar Cənubi Qafqazda geosiyasi gərginliyin yeni mərhələyə keçə biləcəyini göstərir.
İrandakı müharibə fonunda regiondakı bütün hərbi obyektlərin daha yüksək hazırlıq vəziyyətinə gətirilməsi müəyyən mənada gözlənilən addımdır. Lakin diqqət çəkən məqam Ermənistan və Rusiya arasında hərbi koordinasiyanın əvvəlki kimi problemsiz işləməməsi barədə iddialardır.

Son illərdə İrəvanın xarici siyasət kursunda ciddi dəyişikliklər müşahidə olunur. Ermənistan hakimiyyəti bir tərəfdən təhlükəsizlik baxımından Rusiyadan tam imtina edə bilməsə də, digər tərəfdən Avropa və Qərb strukturlarına yaxınlaşmağa çalışır. Bu isə ölkə daxilində və təhlükəsizlik sistemində müəyyən ziddiyyətlər yaradır. Əgər doğrudan da birgə hava hücumundan müdafiə sistemində informasiya mübadiləsi məhdudlaşdırılırsa, bu, Moskva–İrəvan münasibətlərində etimad böhranının dərinləşdiyini göstərə bilər.

Digər tərəfdən, Gümrüdəki baza ətrafında mümkün PUA təxribatı barədə səslənən iddialar da regionda informasiya və siyasi mübarizənin gücləndiyini göstərir. Belə ssenarilər baş verərsə, bu, təkcə Ermənistan–Rusiya münasibətlərinə deyil, bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik balansına təsir edə bilər.

Nəticə etibarilə, baş verənlər Ermənistanın strateji seçim qarşısında qaldığını göstərir: ya Rusiya ilə mövcud təhlükəsizlik modelini qorumaq, ya da Qərbə inteqrasiya kursunu sürətləndirərək yeni təhlükəsizlik arxitekturası formalaşdırmaq. Hər iki variant isə regionda yeni siyasi və hərbi dinamika yarada bilər.


MANŞET XƏBƏRLƏRİ