İranın yarı-rəsmi Tasnim Xəbər Agentliyinin məlumatına görə, ölkənin iqtisadiyyat naziri Əli Mədənazadə fond birjasının bağlandığını rəsmi şəkildə elan edib.
Turkustan.az xəbər verir ki, Mədənazadə bildirib ki, fond birjasının bağlanması qərarı ictimaiyyətin bazardakı iştirakını və investorların maraqlarını qorumaq məqsədi daşıyır. Onun sözlərinə görə, birja növbəti xəbərdarlığadək fəaliyyətini bərpa etməyəcək.
Qeyd edək ki, İsrail və ABŞ, Tehran ilə Vaşinqton arasında danışıqların davam etdiyi bir vaxtda — 28 fevralda İrana hərbi hücumlara başlayıb. İran isə buna cavab olaraq İsrail, Qətər (ABŞ hərbi bazalarının yerləşdiyi ölkə), Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn də daxil olmaqla regiondakı bir sıra hədəflərə zərbələr endirib.
ABŞ-İsrail hücumları nəticəsində İranın ali rəhbəri Ayətullah Əli Xamenei və bir sıra digər yüksək vəzifəli şəxslərin həlak olduğu bildirilir. İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpurun sözlərinə görə, hücumlar nəticəsində ümumilikdə 926 nəfər həyatını itirib.
Aytən Yaşar/ Turkustan.az