Paşinyandan GÖZLƏNİLMƏZ ADDIM – Rusiya bazası Ermənistandan çıxarılır?


Ermənistan baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında yenə də Rusiya ilə münasibətlər məsələsinə toxunaraq, gözlənilməz açıqlamalar verib.

Baş nazir brifinqdə bildirib ki, Ermənistanda Rusiya hərbi bazasının olması hazırda İrəvanın Avropa Birliyinə qoşulmaq planlarına mane olmur.

O qeyd edib ki, Ermənistan Aİ-yə üzvlük prosesinə başlamaqla bağlı qanun qəbul etsə də, hələ ki, Rusiya hərbi bazasının baxış bucağını bağlayacaq nöqtəyə çatmayıblar.

Ardınca bildirib ki, Rusiya hərbi bazasının Ermənistanın “baxış bucağı”nı bağladığı zaman problemin qarşısını almaq üçün necə hərəkət etmək lazım olduğu barədə düşünəcəklər. Onun sözlərinə görə, Ermənistanın Rusiya ilə münasibətləri pozmaq niyyəti yoxdur, olmayıb, və olmayacaq.

Xatırladaq ki, Rusiya bazasının Ermənistandan çıxarılması məsələsi əvvəllər də gündəmə gətirilib. Xüsusilə də son dövrlərdə iki ölkə arasında münasibətlərin soyuması fonunda Paşinyanın bu cür açıqlama verməsi diqqət çəkir.

Görəsən, rəsmi İrəvan Moskva ilə bağlı mövqeyini dəyişir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirir ki, Ermənistan baş naziri ölkəsinin Avropa İttifaqına üzvlüyünün gerçək olmadığını başa düşür:

“Paşinyan gözəl anlayır ki, Ermənistanın Avropa İttifaqına qəbul edilməsi arasında “bir milyon” kilometrdən çox məsafə var. Aİ 10-15 ildir ki, Ukraynanı təşkilata qəbul edəcəyilə aldadır.

Gürcüstanla bağlı da eyni sözləri demək olar. Ermənistan isə hələ də Avrasiya İqtisadi Təşkilatı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) üzvüdür. Eyni zamanda, ərazisində Rusiya hərbi bazası var.

Yəni, Ermənistanın Aİ-yə qoşulması boş və nisyə söhbətdir. Olmayan Aİ-yə inteqrasiyanın heç bir əhəmiyyəti yoxdur. Ona görə də Paşinyan həmin sözləri deməklə sadəcə olaraq seçkilər ərəfəsi vaxt udur ki, Rusiyanı qıcıqlandırmasın”.


MANŞET XƏBƏRLƏRİ