"Tarixi qəhrəmanlıqlar yalnız keçmişdə qalmayıb. Son Qarabağ müharibələrində də Azərbaycan qadınları igidlik nümunəsi göstərmişlər. Uzun saçlarını kəsərək, qardaşlarının əsgər geyimlərini geyinərək döyüşə qatılan, şəhid olmuş qardaşlarının qanını yerdə qoymayan xanımlarımız Azərbaycanın müasir qəhrəmanlarıdır. Onların bu igidliyi və vətənpərvərliyi həm döyüş meydanında, həm də cəmiyyətimizdə qadınlarımızın mövqeyinin gücünü göstərir".
Bu fikirləri Planetinfo.az-a "Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" ictimai birliyinin sədri Suzana Məmmədova 8 Mart-Beynəlxalq Qadınlar Günü ilə bağlı fikirlərini bölüşərkən səsləndirib. O deyib ki, Azərbaycan qadını tarix boyu həm mədəniyyətimizin, həm də dövlətimizin qoruyucusu olmuş, cəmiyyətin inkişafında özünü hər zaman göstərmişdir:
"Bizim Həcərdənlərimiz, Nigarlarımız kimi igid xanımlarımız at üstündə döyüşə girərək vətən torpaqlarını qorumuş, qəhrəmanlığı ilə gələcək nəsillərə örnək olmuşdur".
İctimai birlik sədri qeyd edib ki, Azərbaycanda qadınlara olan diqqət və qayğı, ölkədə uğurla həyata keçirilən qadın siyasəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır:
"Ümummilli lider Heydər Əliyevin qadınların hüquq və imkanlarının qorunması, onların ictimai və siyasi həyatda fəal iştirakı üçün həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan qadını həm tarixdəki qəhrəmanlıqlarını, həm də müasir nailiyyətlərini qoruyaraq cəmiyyətimizdə nüfuzunu daha da yüksəltmişdir".
"Bu əlamətdar gün münasibətilə bütün xanımlara möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və həyatın hər sahəsində uğurlar arzulayıram. Azərbaycan qadını hər zaman igid, qoruyucu və ilhamverici olaraq tarixdə və günümüzdə parlayacaqdır",-deyə təşkilat sədri vurğulayıb.