“5 ildir dayanmadan müalicə prosedurları davam edir. Hazırda xəstəxanada sinir, nevroloji, psixoloji və ayaqlarımdakı problemlə bağlı müalicə alıram. Amma səhhətim yaxşılaşmaq əvəzinə daha da pisləşir”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında 44 günlük Vətən müharibəsinin iştirakçısı, Şuşa-Xankəndi istiqamətində gedən şiddətli döyüşlər zamanı əsir düşən Amin Musayev deyib.
O qeyd edib ki, müharibənin psixoloji təsirlərini hələ də üzərindən ata bilməyib:
“Məndə termal sinir zədələnməsi var. Ayağımda 8 santimetrdən yuxarı qısalıq. Psixoloji vəziyyətimlə bağlı dərmanlardan istifadə edirəm. Yata bilmirəm, yuxusuzluqdan əziyyət çəkirəm".
33 gün erməni əsirliyində olmuş Amin Musayev əlavə edib ki, 2-ci qrup əlil kimi ona pensiya təyin olunub:
"Özəl şirkətlərin birində GPS mütəxəssisi olaraq çalışıram. Lakin səhhətimlə bağlı işimi evdən görürəm. Müharibənin psixoloji təsirləri hələ də üzərimdədir. Səhhətimdə irəliləyiş yoxdur”.
Xatırladaq ki, A.Musayev işğal altında olan torpaqların azad olunması uğrunda gedən döyüşlər zamanı ermənilər tərəfindən əsir götürülmüşdü. Hərbçimiz 2020-ci ilin dekabrın 14-də əsirlikdən azad edilən edilib.