İspaniyanın Baş naziri Pedro Sançez ABŞ Prezidenti Donald Trump tərəfindən İspaniyanı İrana hücumlar üçün iki hərbi bazadan istifadəyə icazə verməməkdə tənqid edilməsinə “Müharibəyə yox” cavabı ilə reaksiya verib.
Turkustan.az xəbər verir ki, Sançez Madriddəki Baş nazirin rəsmi iqamətgahı olan Monkloa Sarayında qapalı qapılar arxasında, suallara cavab vermədən açıq bəyanat verib. Təxminən 15 dəqiqə davam edən çıxışında o, ABŞ prezidentinə birbaşa istinad etmədən bildirib:
“İspaniyanın mövqeyi aydındır. Bu, Ukrayna və Qəzzada olduğu kimidir. Beynəlxalq hüququn pozulmasına yox. Dünyadakı problemlər sadəcə bomba atmaqla həll edilə bilməz. Keçmiş səhvlər təkrarlanmamalıdır. Xülasə olaraq mövqeyimiz budur: müharibəyə yox.”
Sançez əlavə edib ki, ABŞ və İsrailin İrana hücumlarından sonra dünyanın hara doğru gedəcəyini heç kim proqnozlaşdıra bilməz və hətta hücumu həyata keçirənlərin də nə istədiklərini bilmədiklərini vurğulayıb.
O, uzun müddət davam edə biləcək, regiona və digər ölkələrə yayıla biləcək, həmçinin qlobal iqtisadi nəticələr doğura biləcək müharibəyə girmək riskinin olduğunu bildirib.
Aytən Yaşar/ Turkustan.az