Zelenski: Üçüncü Dünya Müharibəsini Putin başladıb


Ukrayna Prezidenti Vladimir Zelenski Britaniyanın yayım təşkilatına verdiyi müsahibədə davam edən müharibə və Qərbin yardımı ilə bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Zelenski bildirib ki, Ukraynanın hazırda üzləşdiyi ən ciddi problem hava hücumundan müdafiə sahəsidir. O, müttəfiq ölkələrin lisenziyalaşdırma məsələsində mövqeyini tənqid edib.

Zelenskinin sözlərinə görə, tərəfdaşlar indiyədək Ukraynaya MIM-104 Patriot sistemlərini ölkə daxilində istehsal etmək və ya mövcud komplekslər üçün raket buraxılışı həyata keçirmək hüququ verən lisenziyalar təqdim etməyiblər.

“Təəssüf ki, hələ bu məsələdə heç bir nəticə əldə etməmişik. Heç olmasa raketlərin istehsalı üçün lisenziyaya ehtiyacımız var. Ukraynanı bu müharibədə necə gücləndirmək olar? Bu çox aydındır — səmanı bağlamaqla. Mülki əhali qorunarsa, arxa cəbhə sabit olarsa, insanlar işləyə, uşaqlar məktəbə gedə bilsə, iqtisadiyyat fəaliyyət göstərsə və büdcəyə vergi daxilolmaları təmin olunsa, biz ordunu gücləndirə bilərik. Amma hələlik vəziyyət belə deyil”, – deyə o vurğulayıb.

Zelenski Üçüncü Dünya Müharibəsi ilə bağlı müzakirələrə də münasibət bildirib. O, Vladimir Putinin artıq genişmiqyaslı müharibə başlatdığını iddia edib.

“Üçüncü Dünya Müharibəsi ilə bağlı müxtəlif fikirlər var. Mən hesab edirəm ki, Putin artıq müharibəni başladıb. Sual ondadır ki, o nə qədər irəli gedə bilər və biz onu necə dayandıra bilərik? Məsələ yalnız Rusiyanın qalib gəlməsinin qarşısını almaq deyil. Rusiya öz baxışını dünyaya qəbul etdirmək və insanların seçdiyi həyat tərzini dəyişmək istəyir. Biz isə bu müharibənin daha geniş, tammiqyaslı Üçüncü Dünya Müharibəsinə çevrilməsinin qarşısını alırıq. Bu gün Putini dayandıran ön cəbhə bizik”, – deyə Zelenski bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ