Böyük Britaniya, İsveç, Fransa, Almaniya və Niderland xarici işlər nazirlərinin razılaşdırdığı birgə bəyanatda rusiyalı müxalif siyasətçi Aleksey Navalnının Rusiya həbsxanasında epibatidin adlı maddə ilə zəhərləndiyi iddia olunub.
Turkustan.az xəbər verir ki, sənəd Böyük Britaniya hökumətinin rəsmi saytında dərc edilib.
Bəyanatda qeyd olunur ki, epibatidin Cənubi Amerikada yaşayan zəhərli qurbağalardan əldə edilən güclü toksindir və Rusiyada bu maddə ilə təbii təmas praktik olaraq mümkün hesab olunmur.
Birgə açıqlamada vurğulanır ki, Navalnı həbsdə olarkən həyatını itirib və bu səbəbdən onun zəhərlənməsi məhz Rusiya tərəfinin nəzarəti ilə həyata keçirilib.
Sənəddə həmçinin bildirilib ki, məsələ ilə bağlı Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (OPCW) məlumatlandırılıb. Eyni zamanda Rusiyanın Kimyəvi Silahlar Konvensiyasını növbəti dəfə pozduğu iddia edilib.
Bəyanat müəllifləri qeyd ediblər ki, onlar və tərəfdaş ölkələr Rusiya rəhbərliyinin məsuliyyətə cəlb olunması üçün bütün siyasi vasitələrdən istifadə etməyə hazırdırlar./Globalinfo.az