Avropa Parlamenti ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı mövqeyinə və bəzi Avropa ölkələrinə tariflər tətbiq ediləcəyi açıqlamasına görə, 2025-ci ilin iyulunda razılaşdırılmış Aİ–ABŞ ticarət sazişinin ratifikasiya prosesini dayandırıb.
Turkustan.az xəbər verir ki, Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin sədri Bernd Lange X sosial media platformasında bildirib ki, saziş qeyri-müəyyən müddətə rəsmi olaraq dondurulub. Onun sözlərinə görə, Qrenlandiya və Danimarkaya, eləcə də Avropadakı müttəfiqlərə qarşı artan təhdidlər və tarif riski bu qərarı qaçılmaz edib.
Lange vurğulayıb ki, suverenlik və ərazi bütövlüyü təhlükə altındadır və mövcud şəraitdə saziş üzərində işi davam etdirmək mümkün deyil.
Avropa Parlamentindəki əsas siyasi qruplar – Avropa Xalq Partiyası (EPP), Sosialistlər və Demokratlar (S&D) və Yenilənmiş Avropa Partiyası da Trampın açıqlamalarına reaksiya verərək, mövcud şərtlərlə razılaşmanın təsdiqlənə bilməyəcəyini bildiriblər.
Aytən Yaşar/ Turkustan.az