Baxçalının gündəmi silkələyən açıqlamaları: O, Öcalanın yerinə keçməyə hazırlaşır!


MHP lideri Dövlət Baxçalı partiyasının parlament qrup toplantısında Suriyadakı SDF/YPG-nin inteqrasiya prosesi ilə bağlı sərt açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Baxçalı çıxışında Suriyada gecikmiş inteqrasiya prosesinin mümkün qədər tez başa çatdırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, SDF/YPG Suriyanın şimal-şərqində geniş ərazilər üzərində faktiki nəzarət qurub və bölgə zəngin yeraltı və yerüstü sərvətlərə malikdir.

MHP lideri SDF/YPG-nin İsraillə əlaqələrinə də toxunaraq, bu qurumun İsrailin təsiri altına düşdüyünü iddia edib. Baxçalı qeyd edib ki, “PKK-nın qurucu liderinin yerinə İsrail tərəfindən formalaşdırılan Məzlum Abdi obrazı bölgədə çıxılmaz vəziyyəti və xaosu daha da dərinləşdirəcək”.

Çıxışında SDF və YPG-nin danışıqlardan kənar tələblərinə də diqqət çəkən Baxçalı, bu mövqenin kompromisə getmək istəmədikləri təəssüratını yaratdığını bildirib.

Baxçalı vurğulayıb:
“Ya konsensus yolu ilə, ya da güc yolu ilə Suriyanın vahid dövlət quruluşu, siyasi və ərazi bütövlüyü qəti şəkildə təmin edilməlidir. Xüsusilə ərəb qəbilələri qeyd-şərtsiz şəkildə Dəməşq administrasiyasının yanında yer almalıdır”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ