Putin müharibədə türk xalqlarını qırdırır – ŞOK rəqəmlər


“Bu gün Rusiya apardığı işğalçı müharibə ilə təkcə Ukrayna xalqına qarşı planlı və genişmiqyaslı soyqırımı həyata keçirmir, həm də ölkəni arzuolunmaz sayılan millətlərdən və mədəniyyətlərdən “təmizləməyə” yönəlmiş strategiya yürüdür”.

Musavat.com-un məlumatına görə, bu barədə ukraynalı hərbi analitik Aleksandr Kovalenko təhlili yazısında qeyd edib.

Onun əminliyinə görə, Bu strategiya ta Moskva çarlığı dövründən, Rusiya imperiyası zamanından bəri dəyişməyib və SSRİ dövründə də mövcud olub. Daha sonra o, bu xüsusda şokedici rəqəmləri açıqlayıb (Minval Politika).

Öncə onu vurğulayaq ki, belə bir intensiv və qanlı müharibə şəraitində Kremldən ötrü insan resurslarının mütəmadi səfərbərliyi qaçılmaz idi. Çünki Rusiya siyasi-hərbi komandanlığı, Putinin özü sürətli müharibə aparmağın qeyri-mümkünlüyünü çox tez, hələ 2022-ci ildə anlamışdı. O səbəbə Rusiyanın demək olar, bütün regionlarında genişmiqyaslı səfərbərlik kampaniyalarına start verildi – istər “könüllü” əsasda, istərsə də məcburi formada. 2022-ci ilin payızında elan edilən “qismən” səfərbərlik də buna daxildir.

Lakin Kovalenkonun da vurğuladığı kimi, Rusiyada keçirilən səfərbərlik tədbirlərinin bir əsas fərqləndirici xüsusiyyəti var. Bu da odur ki, demək olar, hər bir region üzrə yerli və azsaylı xalqların nümayəndələrinin çağırışı rus əhalisinin çağırışını dəfələrlə üstələyir.

Məsələn, 2022-ci ildə Novosibirsk vilayətində səfərbərlik tədbirləri çərçivəsində 2000 nəfər, yəni vilayətin kişi əhalisinin 0,27 %-i çağırılıb. Bununla müqayisədə isə Saxa (Yakutiya) Respublikasında 4750-dən çox insan səfərbər edilib ki, bu da regionun kişi əhalisinin 1,66 %-ni təşkil edir. Üstəlik, çağırışda yox olmaq həddində olan azsaylı xalqların yaşadığı rayonlar — Abıyski, Anabarski, Verxnekolımski, Verxoyanski və Nijnekolımski rayonları liderlik edir...

Şimali Qafqazun milli regionlarında da vəziyyət pisdir. Misal üçün, Ukraynaya qarşı hərbi təcavüzdən cəmi altı ay sonra Şimali Osetiya hakimiyyət orqanları müharibədə yüzlərlə yerli sakinin həlak olduğunu etiraf edib. Eyni dövrdə Vladikavkazdakı qəbiristanlıqda Ukraynadakı müharibədə həlak olanların hər gün dəfn edilməsi səbəbindən boş yerlərin kəskin çatışmazlığı yaranıb.

Dağıstanda da vəziyyət yaxşı deyil. Hazırda müharibədə 1769 dağıstanlının həlakı verifikasiya edilib. Yəni adı, soyadı və mənşə yeri göstərilməklə sənədləşdirilib. Kovalenko isə hesab edir ki, real rəqəmlər verifikasiya olunmuş göstəricilərdən dəfələrlə fərqlənə bilər...

Daha bir ilginc fakt: Ukraynaya qarşı genişmiqyaslı işğal başlamazdan əvvəl Xabarovsk diyarının əhalisi 1,29 milyon nəfər, onlardan da 21129-u yerli xalqların nümayəndələri olub — nanaylar, negidallar, nivxlər, oroçlar, udegeylər, ulçilər, evenklər və evenlər. Ancaq maraqlıdır ki, diyar üzrə səfərbərlik tədbirləri elə aparılıb ki, hər 10 min nəfərə 34 rus çağırıldığı halda, yerli əhali arasında bu göstərici hər 10 min nəfərə 95 nəfər təşkil edib.

Sənədləşdirilmiş məlumatlara əsasən, Ukraynadakı müharibədə ən çox həlak olanlar isə türkdilli Başqırdıstan və Tatarıstandandır. Bu göstəriciyə görə hətta Buryatiya və türkdilli respublikalar - Yakutiya, Tuva və Altay diyarı da onlardan geri qalır. Eyni zamanda, regionun əhali sayına nisbətdə müharibədə ölüm səviyyəsi ən yüksək olan bölgələr Tuva və Buryatiyadır – müvafiq olaraq əmsallar 171 və 139 təşkil edir...

Rəqəmlərdən aydın şəkildə göründüyü kimi, Rusiya Ukraynaya qarşı müharibədə öz imperialist hədəflərinə çatmaq üçün ən çox türkdilli xalqları və digər etnikləri soyqırımına məruz qoymaqdadır. Bu zaman onların az və ya çoxsaylı olmasına da baxılmır.

SOS siqnalı verməyin vaxtı çatmadımı? Görəsən bu xalqların özləri nə vaxt ayağa qalxacaq?..


MANŞET XƏBƏRLƏRİ