Rusiya yenidən Türkiyə gəmisinə hücum etdi – VİDEO


Rusiya qüvvələri Ukraynadan Misirə gedən mülki Türkiyə gəmisinə PUA vasitəsilə hücum edib.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinə istinadla RBC-Ukrayna məlumat yayıb.

Bəyanatda bildirilir: “Rusiya qüvvələri göyərtəsində günəbaxan yağı daşıyan və taxıl dəhlizi ilə hərəkət edən Türkiyənin “VIVA” gəmisini hədəf alıb. Gəmidə 11 Türkiyə vətəndaşı olub.”

Ukrayna hərbi rəsmilərinin açıqlamasına görə, heyət üzvləri arasında xəsarət alan yoxdur. Gəmi səyahətini Misirə doğru davam etdirir.

Zərbənin açıq dənizdə, Ukraynanın eksklüziv iqtisadi zonasında, hava hücumundan müdafiə sistemlərinin əhatə dairəsindən kənarda baş verdiyi qeyd edilib.

“Rusiya beynəlxalq dəniz hüququnu kobud şəkildə pozur. Bu cür addımlar naviqasiya azadlığına ziddir və San-Remo Təlimatlarının açıq şəkildə pozulmasıdır”, – deyə Ukrayna Hərbi Dəniz Qüvvələrindən bildirib.

Komandanlıq gəminin kapitanı ilə daimi əlaqə saxlayır. Dəniz axtarış və xilasetmə xidməti ehtiyac yaranacağı təqdirdə müdaxiləyə hazırdır.

Xatırladaq ki, dekabrın 12-də də Rusiyanın hava hücumu nəticəsində Karasu limanından Rumıniyaya gedən başqa bir gəmi Odessa bölgəsində zərər görüb və yanğın baş verib.


MANŞET XƏBƏRLƏRİ