“Ermənistan və Azərbaycan delimitasiyanı Şimaldan Cənub istiqamətində davam etdirmək barədə razılığa gəliblər”.
Turkustan.az-ın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan belə deyib.
“Biz qəbul edirik ki, işğal olunmuş ərazilər problemimiz var və de-yure bu məsələ həll olunub”, - deyə o, qeyd edib.
Paşinyan 2024-cü ildə Ermənistan və Azərbaycanın delimitasiya komissiyalarının fəaliyyət reqlamentini imzalayıb ratifikasiya etməsi faktına istinad edib.
Burada Almatı Bəyannaməsi delimitasiyanın fundamental prinsipi kimi qəbul olunub.
“Bu o deməkdir ki, Sovet Ermənistanı və Sovet Azərbaycanının sərhədləri iki ölkə arasında dövlət sərhədləri olmalıdır. Həll yolu məhz belə olacaq”, - deyə o, aydınlıq gətirib.
Nikol Paşinyanın açıqlaması sərhədlərin 2024-cü ilin may ayında Qazax rayonunda başlamış sərhədlərin delimitasiya və demarkasiyası prosesinin həmin istiqamətdə davam etdirilməsinə dair razılaşmanın əldə olunduğunu göstərir.
Hər iki ölkənin sərhəd komissiyalarının sonuncu iclasının aprelin 29-30-da Ermənistanın Ağveran bölgəsində keçirildiyini nəzərə alsaq, çox güman ki, bu barədə razılaşma həmin müzakirələrin nəticəsidir.
Qeyd edək ki, ötən il tərəflər delimitasiya işlərinə Azərbaycan, Ermənistan və Gürcüstan sərhədinin birləşdiyi ərazidən başlanılması barədə razılığa gəliblər.
Söhbət üç ölkənin sərhədindəki Babakar dağından gedir. Lakin Qazax rayonunun hələ üç anklav kəndi (Barxudarlı, Sofulu və Yuxarı Əskipara) işğal altındadır.
Adalrı çəkilən yaşayış məntəqələri Azərbaycana qaytarılmadan şimal-qərb istiqamətində sərhədin delimitasiyası və demarkasiyası prosesini yekunlaşdırmaq mümkün deyil. Üstəlik, Barxudarlı və Sofulu kəndlərinin işğalına son qoyulması Bakı-Qazax-İcevan (Karvansaray) dəmir yolunun açılmasına və iki ölkə arasında kommunikasiyaların bərpasına şərait yarada bilər.
Ancaq Paşinyan hakimiyyəti iyunun 7-də keçiriləcək parlament seçkilərinə qədər çox güman ki, kəndlərin qaytarılması ilə bağlı hər hansı addım atmayacaq. Əks halda, radikal müxalifət bu amildən ona qarşı seçki kampaniyasında və etirazların təşkili üçün istifadə edə bilər.
Sədərək rayonunun işğal altında olan Kərki kəndinin qaytarılması məsələsinə isə yəqin ki, sərhədin cənub hissəsində aparılan delimitasiya zamanı baxılacaq. Rəsmi İrəvan Sovet dövründə hazırkı Gədəbəy rayonundan alınaraq Emənistan SSR-in inzibati ərazisinə daxil edilmiş Başkənd kəndinə də ərazi iddiası edir.
Lakin Başkənd 1920-ci ildə Azərbaycan Kommunist Bolşeviklər Partiyası Siyasi Bürosunun daxili qərarı ilə, yəni qeyri-konstitusion yolla Ermənistana bağışlanıb. Bu qərarın heç bir hüquqi əsası yoxdur.
Birinci Qarabağ müharibəsi zamanı isə Ermənistan Azərbaycanla Sovet dövründə mövcud olmuş inzibati sərhədləri tanımaqdan imtina edib. Buraya Başkəndi əhatə edən inzibati sərhədlər də daxildir.
Azərbaycan SSR-nin ərazisi ilk vaxtlar 97,3 min kvadrat kilometr olub. Sonralar Azərbaycan torpaqlarının qanunsuz şəkildə Ermənistana verilməsi nəticəsində bu göstərici 86,6 min kv.km-ə qədər azalıb.
Bu baxımdan, Sovet dövrü xəritələri yenidən tətbiq olunarsa, Ermənistan həmin torpaqları Azərbaycana qaytarmalıdır. Son illər Nikol Paşinyan hökuməti Ermənistan ərazilərinin guya 2021-ci və 2022-ci illərdə Azərbaycan tərəfindən işğal olunduğuna dair iddialar irəli sürür.
Söhbət Laçın və Kəlbəcər rayonlarının Ermənistanla şərti sərhədində yerləşən Böyük İşıqlı, Kiçik İşıqlı, Buğdadağ, Cermux (İstisu) yüksəklikləri və Bala Göyçə gölündən gedir. Paşinyan da “İişğal olunmuş ərazilər problemimiz var” - deyərəkən məhz bunu nəzərədə tutur.
Halbuki həmin ərazilər tarixən, hətta SSRİ dövründə Azərbaycana məxsus olub. İndi Ermənistan Azərbaycan Ordusunun nəzarətində olan bu torpaqları delimitasiya prosesi çərçivəsində öz ərazisinə qatmaq istəyir.
Bu da adıçəkilən yüksəkliklərin strateji əhəmiyyətə malik olması ilə bağlıdır. Lakin Azərbaycanın ərazilər məsələsində mövqeyi aydındır. Ermənistan ərazi iddialarından əl çəkməsə, sülh müqaviləsi olmayacaq. /cebheinfo.az/