Ukraynada atəşkəs əldə olunarsa, Rusiyanın başqa ölkələrə də “diş qıcayacağı” gözlənilir. Müşahidəçilərə görə, Trampın “sülh planı” Moskvanın maraqlarına uyğun gəldiyi üçün savaşın belə nəticələnməsi Kremlin işğalçılıq iştahını artıra bilər. Bəzi ekspertlərin fikrincə, Rusiya bundan sonra da dayanmayacaq.
Bəs Rusiyanın “qara dəftəri”ndə hansı ölkələr ola bilər?
Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, hazırda tərəflər arasında hərbi-siyasi balans əvvəlki illərlə müqayisədə xeyli dəyişib: “Müharibənin hansı şərtlərlə bitəcəyini indidən qəti demək mümkün olmasa da, Rusiya hərbi təşəbbüsü böyük ölçüdə ələ keçirmiş görünür. ABŞ-də müzakirə olunan "Tramp planı" və ona qarşılıq olaraq Britaniya, Fransa və Almaniyanın hazırladığı sənəd göstərir ki, Qərb daxilində vahid strategiyanın yaranması çətindir. Bir tərəf müharibənin tezliklə siyasi sazişlə yekunlaşdırılmasını, digər tərəf isə Rusiyanın hərbi-siyasi üstünlük qazanmasının qarşısının maksimum şəkildə alınmasını istəyir. Lakin istənilən halda, münaqişənin sona yaxınlaşması mövzusu daha real gündəm mövzularından birinə çevrilir".

Elçin Mirzəbəyli
Deputatın fikrincə, “təhlükədə olan ölkələr” anlayışı yalnız Rusiyanın ambisiyalarından deyil, həm də həmin ölkələrin daxili siyasi sabitliyindən, müdafiə imkanlarından və kollektiv təhlükəsizlik mexanizmlərinə çıxışından asılıdır. Onun sözlərinə görə, riskin ən yüksək qiymətləndirildiyi dövlətlər Baltik ölkələridir: “Moldova, xüsusilə də Dnestryanı bölgə səbəbindən, Moskvanın təsir dairəsində qalmağa daha həssas dövlətlərdən biridir. Kişinyovun Avropa İttifaqına inteqrasiya xətti və Rusiya sülhməramlılarının Dnestryanıda yerləşməsi ölkəni əlavə risk zonasında saxlayır. Buna baxmayaraq, Ukrayna müharibəsi şərtlərində Rusiyanın Moldovada genişmiqyaslı hərbi əməliyyat aparmaq imkanı son dərəcə məhduddur”.
Deputat hesab edir ki, Cənub Qafqaz Rusiyanın geosiyasi gündəmində yer alır: “Gürcüstan 2008-ci il müharibəsindən sonra Moskvanın diqqətindən heç vaxt kənarda qalmayıb. Bununla belə, son illər Gürcüstanın xarici siyasətində mövcud olan qeyri-müəyyənlik, Tiflisin həm Qərblə, həm də Rusiya ilə paralel münasibət yürütməyə çalışması kəskin eskalasiyanın qarşısını alır. Regionun digər ölkələri - xüsusilə Azərbaycan - balanslaşdırılmış xarici siyasət xətti, iqtisadi və hərbi potensial, həmçinin çoxşaxəli regional tərəfdaşlıq səbəbindən Rusiyanın təcavüzkar gündəminə daxil deyil. Nəticə etibarilə, Rusiyanın "qara dəftərində" yer ala biləcək ölkələr barədə danışarkən, məsələyə yalnız hərbi ekspansiya kontekstində yanaşmaq doğru olmazdı. Müasir geosiyasi reallıqda təsir dairələrinin genişləndirilməsi çox vaxt birbaşa işğal deyil, hibrid metodlarla həyata keçirilir: siyasi fragmentasiya, informasiya manipulyasiyası, enerji asılılığı, yerli siyasi aktorların gücləndirilməsi və ya zəiflədilməsi kimi vasitələrlə.

Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva isə hesab edir ki, Rusiya qələbə qazanarsa, bu, Qərbin məğlubiyyəti sayılacaq: “Həm də Moldova, Gürcüstan və Ermənistan kimi Qərbə inteqrasiya yolunu tutmuş ölkələrdə inamı öldürəcək. Hər kəs Ukrayna dərsindən ibrət almağa çalışacaq. Eyni zamanda Rusiya tərəfi daha da irəli gedəcək və Avropanın içərilərinə doğru həmlələr edəcək. Yəqin ki, Avropada da bunun fərqindədirlər. Digər tərəfdən, Tramp Ukraynanı sülhə məcbur etməklə Avropanı da Rusiyanın qarşısına yem kimi atmağa çalışır. Üstəlik, Rusiya Mərkəzi Asiya və Cənubi Qafqaza da müəyyən dərəcədə "diş qıcayacaq"".