Zelenski: Bunu edə bilsək, Putin üçün böyük itki olacaq


Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, dondurulmuş Rusiya aktivlərini geri ala bilsələr, bu, Rusiya prezidenti Vladimir Putin və onun ətrafı üçün böyük itki olardı.

Turkustan.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın dondurulmuş aktivləri barədə sosial şəbəkədə açıqlama verib. Zelenski deyib:

“Əgər biz bu pulu hər hansı şəkildə ələ keçirə bilsək, bu ruslar üçün böyük itki olar. İstər başqa ölkələr tərəfindən sığortalanmış kredit olsun, istərsə də başqa yolla — bu, 140–160 milyard avro aralığında bir məbləğdir və əgər onu əldə edə bilsək, bu, Putin və onun ətrafı üçün ciddi zərbə olar. Bildiyiniz kimi, bu onların puludur və onların sistemlərinin iflic olduğunu düşünürəm. Bu, çox vacibdir.”

Prezident dondurulmuş aktivlərin Ukraynaya təhvil verilməsini Rusiyaya qarşı “böyük sanksiya” hesab edib və vurğulayıb:
“Pulu dondurmaq bir şeydir, Ukraynaya vermək isə tam başqa. Bu vəsaiti təkcə silah üçün deyil, həm də Ukraynada istehsalı gücləndirmək üçün istifadə edəcəyik. Biz bu məbləği Ukraynanın Prioritet Ehtiyaclar Siyahısına uyğun hava hücumundan müdafiə paketlərinin alınmasına yönəldəcəyik.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ