Fələstinlilər: “Türkiyənin həbs qərarı ədalətin zəfəridir”


Fələstin İstanbul Baş Prokurorluğunun tələbi ilə Netanyahu da daxil olmaqla 37 İsrail rəsmisinin həbsinə order verilməsini “ədalətin zəfəri” kimi qiymətləndirib və dünya ölkələrini Ankaranın yolundan getməyə çağırıb.

Turkustan.az xəbər verir ki, Fələstin Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Türkiyədə İsrail rəsmilərinə qarşı çıxarılan həbs qərarının “ədalətin təmin edilməsi istiqamətində doğru addım” olduğunu bildirib.

"Bu cəsarətli hüquqi addım ədalət prinsiplərinin təntənəsi və bəzi ölkələrin İsrailə qarşı cəzasızlıq siyasətini rədd edən azad liderlərin və xalqların iradəsinin təcəssümüdür", - bəyanatda deyilir.

Bəyanatda bunun "müharibə cinayətləri və insanlığa qarşı cinayətlərlə mübarizədə universal yurisdiksiyanın bir daha təsdiqi" mənasına gəldiyi vurğulanıb və əlavə edilib ki, "Türkiyə məhkəmə orqanlarının atdığı bu addım qabaqcıl hüquqi və mənəvi mövqeyi əks etdirir və mövqeyindən asılı olmayaraq Fələstin xalqına qarşı cinayət törədənlərin məsuliyyətdən qaça bilməyəcəyinə dair açıq mesaj ehtiva edir".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ