Kremldə yeni təyinat: keçmiş sovet ölkələri ilə əlaqələri bu şəxs quracaq


“Rosatom” şirkətinin keçmiş vəzifəli şəxsi Vadim Titovu Rusiya Prezident Administrasiyasının yeni yaradılmış Strateji tərəfdaşlıq və əməkdaşlıq idarəsinin rəisi təyin edib.

Turkustan.az-ın məlumatına görə, müvafiq sərəncam Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanıb.

Yeni idarənin yaradılması haqqında qərar avqustun 29-da verilib. Həmin vaxt Rusiya Prezident Administrasiyasının beynəlxalq əməkdaşlıq və sərhədyanı əlaqələrə cavabdeh olan iki idarəsi ləğv edilib. Bu idarələrə nəzarəti həyata keçirən Dmitri Kozak sentyabr ayında Administrasiya rəhbərinin müavini vəzifəsindən istefa verib.

Titovun rəhbərlik etdiyi idarə əsasən post-sovet məkanı və Afrika ölkələri ilə əlaqələr istiqamətində fəaliyyət göstərəcək. Yeni strukturun işinə Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko kuratorluq edəcək.

Vadim Titov bu təyinatadək “Rosatom - Beynəlxalq Şəbəkə” şirkətinin baş direktoru olub. Bu şirkət dövlət korporasiyası “Rosatom”un xaricdəki maraqlarını təmsil edir və 20-dən çox ölkədə regional mərkəzlərə malikdir. Titov 2009-cu ildən “Rosatom”da çalışır, 2019-cu ildən isə beynəlxalq şəbəkəyə rəhbərlik edib./modern.az


MANŞET XƏBƏRLƏRİ