“İsrail atəşkəsi pozmağa davam edir, beynəlxalq ictimaiyyət daha çox səy göstərməlidir”.
Turkustan.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Küveyt, Qətər və Oman səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırıb. O, Qəzzadakı vəziyyət, Rusiya–Ukrayna müharibəsi və KKTC-də keçirilən seçkilərlə bağlı açıqlamalar verib.
Ərdoğan bildirib ki, Türkiyə atəşkəsin təmin olunması üçün bütün səylərini davam etdirir:
“Həmas atəşkəsə sadiq qalır, İsrail isə onu pozmaqda davam edir. Beynəlxalq ictimaiyyət, xüsusilə ABŞ, İsrailin razılaşmaya tam əməl etməsi üçün daha çox səy göstərməlidir. Diplomatik və iqtisadi təzyiqlər artırılmalıdır.”
Prezident qeyd edib ki, Qəzzaya humanitar yardımın fasiləsiz çatdırılması həyati əhəmiyyət daşıyır:
“Türkiyə yardım fəaliyyətlərini dayandırmayıb. 17-ci Xeyirxahlıq Gəmimiz Əl-Ariş limanına çatıb və yardımlar Qəzzaya göndərilib. Qəzzalı qardaşlarımızın bütün ehtiyaclarını qarşılamaq və bölgəni yenidən qurmaq üçün hazırlıqlar davam edir.”
Ərdoğan həmçinin bildirib ki, İsrailə qarşı sanksiyalar və silah satışının dayandırılması kimi tədbirlər onun öhdəliklərinə əməl etməsinə təzyiq vasitəsi ola bilər.
Rusiya–Ukrayna məsələsinə toxunan dövlət başçısı əlavə edib:
“Sülh vizyonunda Türkiyə və İstanbulun rolu bir daha ön plana çıxdı. Belə bir prosesə ev sahibliyi etməyə hər an hazırıq".
Aytən Yaşar/ Turkustan.az