Azərbaycan sülhməramlılarına Qəzzada BÖYÜK ETİMAD


Azərbaycanın beynəlxalq münasibətlər sistemində çəkisi son illər əhəmiyyətli dərəcədə artıb. Ölkə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yanaşı, regional sülhün təmininə də real töhfə verib. İndi isə Bakı bu təcrübəsini Yaxın Şərqdə tətbiq etməyə hazır görünür.

Oktyabrın 13-də Prezident İlham Əliyevin ABŞ lideri Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın beynəlxalq etimad qazanmış oyunçuya çevrildiyini göstərdi. Ekspertlərin fikrincə, bu sammit təkcə diplomatik jest deyil, həm də Bakının yeni təhlükəsizlik arxitekturasında rol almağa hazır olduğunun göstəricisidir.

Qəzza üçün plan: ABŞ-ın təşəbbüsü və Azərbaycanın rolu

ABŞ-ın təşəbbüsü ilə yaradılması planlaşdırılan Beynəlxalq Sabitləşdirmə Qüvvələri Qəzzada təhlükəsizliyi qorumağa və humanitar yüklərin çatdırılmasına nəzarət etməyə yönəlib. Qüvvələrin tərkibi, hüquqi statusu və komandanlıq strukturu hələ razılaşdırılmasa da, Vaşinqton bu prosesə 200-ə yaxın hərbçi ayırmağı planlaşdırır. ABŞ rəsmiləri İndoneziya, BƏƏ, Misir, Qətər, Türkiyə və Azərbaycanla əməkdaşlıq imkanlarını müzakirə edirlər.

Bu kontekstdə ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperin oktyabrın 18-də Bakıya səfəri diqqət çəkdi. Səfər zamanı o, Prezident İlham Əliyev və müdafiə naziri Zakir Həsənovla danışıqlar aparıb.

İsrailin “Israel Hayom” nəşri isə yazır ki, Azərbaycan və İndoneziya beynəlxalq sabitləşdirmə qüvvələrinin rəhbərliyini öz üzərinə götürə bilər. Hərbi ekspertlər bu ehtimalı real sayır.

Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Azərbaycan ordusunun bu tip əməliyyatlarda ciddi təcrübəsi var: Əfqanıstan, İraq və Kosovadakı sülhməramlı missiyalar həm NATO komandanlığı, həm də yerli əhali tərəfindən yüksək qiymətləndirilib. Onun fikrincə, Azərbaycanın İsrail və Fələstinlə eyni anda müsbət münasibətlərə malik olması, belə bir missiyanı icra etmək üçün nadir üstünlükdür:

“Bir sıra ölkələr sülhməramlı fəaliyyətlə məşğul olublar. Eyni zamanda Rusiya sülhməramlı hərbi kontingenti Azərbaycanda fəaliyyət göstərib. Həmin sülhməramlı kontingentin nə qədər böyük səhvlərə yol verməsinin şahidi olmuşuq. Lakin Azərbaycanın dəfələrlə sülhməramlı fəaliyyəti həm NATO komandanlığı, həm yerli əhali tərəfindən müsbət qarşılanıb. Ona görə də, Azərbaycan silahlı Qüvvələrinin bu tip əməliyyatlarda iştirakı, həm də idarəedici orqan olaraq,rəhbərliyi öz üzərinə götürməsi kifayət qədər uğurlu addımdır. Şəxsən mən belə bir addımı dəstəkləyirəm”.

Bununla belə, politoloqlar ehtiyatlı mövqe sərgiləyir. Elxan Şahinoğlu hesab edir ki, atəşkəsin hələ də kövrək olması fonunda sülhməramlıların əraziyə yerləşdirilməsi risklidir.

Ekspertin fikrincə, HƏMAS hələ tərksilah olunmayıb və bu, sülhməramlıların təhlükəsizliyinə təhdid yarada bilər. “Əgər atəşkəs tam bərqərar olarsa, Azərbaycanın iştirakı həm imic baxımından, həm də regional balanslı siyasətinə görə müsbət qarşılanar. Amma rəhbərlik funksiyasını üzərinə götürmək çox böyük məsuliyyətdir”, – deyə o vurğulayır.

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl isə Azərbaycanın sülhməramlı fəaliyyətini təkcə iştirak deyil, həm də təşəbbüs baxımından mühüm addım kimi qiymətləndirir. Onun sözlərinə görə, Azərbaycan nə İsrailin, nə də HƏMAS-ın tərəfində çıxış etməyəcək, məqsəd yalnız sülhü qorumaq olacaq.

İlham İsmayıl hesab edir ki, Azərbaycan Türkiyə ilə paralel şəkildə və ya müstəqil kontingentlə fəaliyyət göstərə bilər: “Əgər Türkiyə orada olacaqsa, bu, iki ölkə arasında hərbi əməkdaşlığı daha da gücləndirəcək. Amma ən ideal variant Azərbaycanın müstəqil sülhməramlı sektor idarə etməsidir.”

O əlavə edib ki, Azərbaycanın bu missiyaya dəvət alması ölkənin beynəlxalq nüfuzunun artmasından qaynaqlanır: “Bu, təsadüfi deyil. Azərbaycan artıq etibarlı tərəfdaş kimi tanınır və Qəzzada iştirak ölkəmizin qlobal reputasiyasını daha da möhkəmləndirəcək.”

Qəzza zolağında planlaşdırılan beynəlxalq sabitləşdirmə missiyası hələ formalaşma mərhələsində olsa da, Azərbaycanın adı artıq əsas oyunçular sırasında çəkilir. Hərbi təcrübə, diplomatik çeviklik və balanslı siyasət Bakıya bu formatda həm etimad, həm də məsuliyyət qazandırır./modern.az


MANŞET XƏBƏRLƏRİ