Ukraynanı xilas edəcək qüvvə meydana girir – Zelenski elan etdi


ABŞ-ın Ukraynaya “Tomahawk” raketlərinin tədarükündən imtina etməsindən sonra Prezident Volodimir Zelenskinin verdiyi açıqlama müzakirələrə səbəb olub. Ukrayna lideri bildirib ki, bu raketləri Avropa ölkələrindən də əldə etmək mümkündür. Onun sözlərinə görə, artıq bu istiqamətdə bəzi Avropa dövlətləri ilə danışıqlar aparılır və belə silahların cəbhədəki vəziyyəti dəyişmək potensialı var.

Bəs “Tomahawk” raketləri Ukraynaya hansı ölkələrdən tədarük oluna bilər? Bu, döyüşlərin gedişinə necə təsir göstərəcək?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, hələ Zelenski-Tramp görüşünə qədər ABŞ-ın bu raketləri Ukraynaya verməsinə dair müəyyən ümidlər var idi:

“Lakin görüşdən əvvəl Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə apardığı telefon danışıqları prosesi ləngitdi. ABŞ liderinin mövqeyində ciddi dəyişikliklər müşahidə olundu. Tramp bildirdi ki, Putinlə görüşmək və müharibəni “Tomahawk”sız dayandırmaq niyyətindədir. Bu müddət ərzində isə Budapeştdə keçirilməsi nəzərdə tutulan görüşün baş tutacağı da sual altına düşdü”.

O.Qasımovun sözlərinə görə, ABŞ-dan demək olar ki, əliboş qayıdan Zelenski Avropa liderləri, NATO baş katibi və Aİ rəhbərləri ilə intensiv təmaslar quraraq, onların Ukrayna məsələsindəki mövqelərini bir daha öyrənib:

“Bu görüşlərdə tərəflər Trampın sülh təşəbbüsünü dəstəkləməklə yanaşı, Ukraynanın ərazi bütövlüyünə də xüsusi vurğu etdilər. “Tomahawk” raketlərinin dolayı yolla Ukraynaya verilməsi hazırda ən real variantlardan biridir. Bir müddət əvvəl ABŞ və Ukrayna arasında gərginlik azaldıqdan sonra Donald Tramp bəyan etdi ki, Vaşinqton Kiyevə birbaşa hərbi yardım göstərməyəcək, lakin ABŞ istehsalı olan silahların Avropa ölkələri vasitəsilə Ukraynaya çatdırılmasına da etiraz etmir. Zelenskinin son açıqlaması məhz bu mexanizmin aktuallaşması ilə bağlıdır”.


MANŞET XƏBƏRLƏRİ