Elməddin Behbud
Vətəndaş cəmiyyətinin başlıca komponentlərindən olan qeyri-hökumət təşkilatlarının rəhbərlərini geniş tərkibdə bir araya gətirən forumların keçirilməsi ictimai hadisədir. Bir neçə gün öncə baş verən belə ictimai hadisə - “Konstitusiya və Suverenlik İli” çərçivəsində Xankəndində keçirilən “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” ölkəmizin QHT sektorunun hədəflərinə, nailiyyətlərinə, vəzifələrinə, vizionuna, həmçinin, çatışmazlıqlarına nəzər salınması baxımından mühüm əhəmiyyət daşıyırdı.
Forumun müasir tariximizin ən şanlı, misilsiz dərəcədə qiymətli səhifələrinin yazıldığı Qarabağda, onun regional mərkəzlərindən olan Xankəndidə keçirilməsi Azərbaycan QHT-lərinin hər zaman milli maraqların birmənalı ifadəçisi olması və keçmişdə işğalda olan ərazilərimizdə aparılan hazırki quruculuq prosesinə dəstək üçün imkanlarını səfərbər etdiyini göstərir.
Rəqəmsal transformasiyadan, dövlətimizin siyasi sərhədlərindən uzaq düşmüş türk xalqlarınadək müxtəlif milli və ictimai mövzuların müzakirə olunduğu Forum şəbəkələşmənin dərinləşməsi, eyni zamanda yeni ideya və düşüncələrin paylaşılması baxımından da faydalı oldu.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin peşəkar təşkilatçılığı ilə keçirilən Forumda QHT-lər həm də maraqlı məruzə və ekspert çıxışları dinləmək imkanı qazandı.
Ümid edirəm ki, bu Forum vətəndaş cəmiyyəti institutları və dövlət qurumlarının birgə tərəfdaşlığı ilə çoxsaylı praktiki nəticələr verəcək və ictimai aktuallıq kəsb edən problemlərin həlli üçün daha çevik təsir mexamizmlərinin formalaşmasına müsbət təsir göstərəcək.


