Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəngi diqqət çəkdi. Məlumata görə, liderlər oktyabrın 9-da Düşənbədə keçirdikləri görüşün davamı olaraq ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər.
Dövlət başçıları iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinə, həmçinin enerji və nəqliyyat-logistika sahələrində birgə layihələrin həyata keçirilməsinə qarşılıqlı maraqlarını təsdiqləyiblər.
Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Düşənbə görüşü Azərbaycan-Rusiya münasibətlərində istiləşmə və anlaşmanın əsasını qoydu:
“2024-cü il dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından sonra iki dövlət arasında yaranan gərginlik daha da artırdı. Çünki Rusiya qəzaya ilə bağlı günahını etiraf etmək istəmir, Azərbaycan isə haqlı tələblərindən geri çəkilmirdi.
Əslində münasibətlərdəki problemlər hər iki tərəfə də sərf etmirdi. Bakı ilə gərginlik Ukraynada müharibə aparan Rusiya üçün siyasi, iqtisadi, mənəvi və psixoloji çətinliklər yaradırdı. Azərbaycanlılar üçün isə daha çox iqtisadi və psixoloji problemlərin üzə çıxdığı görünürdü.
Putinin Azərbaycan Prezidentinə zəngi onun Düşənbədə verdiyi sözlərə sadiq olduğunu bir daha təsdiq edir. Kreml rəhbəri Azərbaycan Prezidentini öhdəliklərini yerinə yetirəcəyinə əmin edib. Çünki Düşənbə sammitindən sonra Rusiyanın bəzi rəsmiləri və media qurumları iki prezident arasında keçirilmiş görüşü yanlış aspektdən şərh etməyə çalışdılar. Lakin Azərbaycan tərəfi məsələyə səbrlə yanaşaraq münasibətilərin düzəldilməsi istiqamətində razılaşmaya sadiqliyini nümayiş etdirdi”.

Mütəllim Rəhimli
Politoloq əlavə edib ki, Düşənbə görüşündən sonra tərəflər həbsdə olan bəzi şəxsləri azadlığa buraxdılar və bu prosesi davam etdirmək əzmlərini bildirdilər:
“İndi Rusiya növbəti addımları atmalıdır. Bunu Azərbaycandan başqa Rusiya cəmiyyəti və beynəlxalq ictimaiyyət də gözləyir. Moskvanın Düşənbə razılaşmasına əməl etməsi onun dövlət imicinə əhəmiyyətli dərəcədə təsir göstərəcək, bir növ etibarlı tərəfdaş olub-olmadığını nümayiş etdirəcək.
Prezidentlər arasında baş tutan telefon danışığına Düşənbə anlaşmasının icra mexanizminin hərəkətə gətirilməsi kimi də baxıla bilər. Çox güman ki, yaxın günlərdə yeni icra təşəbbüslərinin şahidi olacağıq”.