Zelenski: Tramp Alyaska sammitində Putinə istədiyini verib


Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ABŞ prezidenti Donald Tramp avqustun 15-də Alyaskada Rusiya prezidenti Vladimir Putinlə görüşündə “Rusiya liderinə istədiyini verib”.

Turkustan.az xəbər verir ki, ABC News-un “This Week” proqramında çıxış edən Zelenski Tramp və Putinin Alyaskanın Ankoric şəhərində keçirdiyi görüşdən danışıb.

Ukraynanın görüşə daxil edilməməsinin “kədərli” olduğunu bildirən Zelenski: “Məncə, prezident Tramp Putinə istədiyini verdi” deyib.

Putinin onunla görüşmək istəmədiyini, lakin Trampla görüşə böyük əhəmiyyət verdiyini ifadə edən Zelenski, “Putin həqiqətən də orada olmasının video və görüntülərini hər kəsə göstərmək istəyir” deyib.

"Putin həqiqətən Trampla görüşmək istəyirdi və o, buna nail oldu. Və bu, çox kədərlidir", - Zelenski bildirib.

Tramp və Putin avqustun 15-də Alyaskanın Ankoric şəhərində 3 saatlıq görüş keçirib və ABŞ lideri əhəmiyyətli irəliləyiş əldə etdiklərini, lakin yekun razılığa gələ bilmədiklərini açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ