Yunanıstanın aparıcı qəzetlərindən biri olan “To Vima” Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qlobal diplomatiyadakı hərtərəfli rolunu işıqlandırıb.
Turkustan.az xəbər verir ki, “Ərdoğan və hərəkətləri şahmat taxtasında: Türkiyə iki masada birdən oynayır” başlıqlı məqalədə Türkiyənin çoxölçülü diplomatiya strategiyası yüksək qiymətləndirilib.
Qəzet illərdir dilə gətirilən “təcrid olunmuş Türkiyə” iddialarının iflasa uğradığını vurğulayıb: "Təcrid hekayəsi çoxdan çöküb. Türkiyə artıq tək deyil, qlobal şahmat taxtasında çoxölçülü oyunu quran bir aktordur”.
Məqalədə Ərdoğanın Rusiya-Ukrayna müharibəsində kritik rolu vurğulanıb. Bildirilib ki, prezident həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna prezidenti Vladimir Zelenski ilə birbaşa əlaqə saxlayaraq sülh naminə mərhələli diplomatiya ilə məşğul olur. Onun İstanbulda tərəflərin nümayəndələrini iki dəfə qəbul etməsi və üçüncü sammit təklifi qəzet tərəfindən “strateji addım” kimi qiymətləndirilib.
Qəzet “Bayraktar” PUA-larının Ukraynanın müdafiəsində qazandırdığı təcrübəni və Ukraynada qurulan müştərək istehsal müəssisəsini Türkiyənin diplomatik və iqtisadi uğurlarının göstəriciləri kimi dəyərləndirib.
Həmçinin, Ərdoğanın Çinə səfəri də "məhsuldar və səmərəli" kimi qiymətləndirilib. Qeyd olunub ki, dövlət başçısının Çində iqtisadi əlaqələrin dərinləşdirilməsi istiqamətində apardığı danışıqlar Türkiyənin qlobal diplomatiya və iqtisadi əməkdaşlıqda lider mövqeyini möhkəmləndirib.
Məqalədə Türkiyənin Qara dəniz, Aralıq dənizi, Liviya, Somali, Qətər, Çad və Nigerdəki mövcudluğunun Ankaranın qlobal rolunu gücləndirdiyi vurğulanıb. Bildirilib ki, Şimali Kiprdən Suriya və İraqa qədər geniş təsir dairəsi, Qarabağda Azərbaycana dəstəyi ilə Türkiyə diplomatiya və təhlükəsizlik siyasətlərində əsas rol oynayır.
Qəzet Avropanın Türkiyənin strateji əhəmiyyətini yenidən dərk etdiyini vurğulayıb: “Avropa hökumətləri Türkiyəni etibarlı və əvəzolunmaz tərəfdaş kimi görür. Onlar Avropanın müdafiəsinin bir hissəsini Türkiyəyə həvalə etməyə hazırdırlar”./publika.az