Ukrayna Rusiya neft emalının ən azı 17%-ni sıradan çıxarıb - Reuters


Ukraynanın PUA hücumları Rusiyada benzin qıtlığına səbəb olub.

Turkustan.az xəbər verir ki, Ukraynanın pilotsuz uçuş aparatları ilə Rusiyanın neft emalı zavodları və ixrac infrastrukturuna təşkil etdiyi hücumlar ölkənin emal və ixrac gücünü zəiflədib, bəzi bölgələrdə benzin qıtlığına səbəb olub. Bu hücumlar, eyni zamanda, Rusiyanın Ukraynanın enerji obyektlərinə endirdiyi zərbələrə cavab kimi qiymətləndirilir.

“Reuters”in məlumatına görə, Ukraynanın son dövrlərdə həyata keçirdiyi hücumlar Rusiyanın ümumi neft emalı gücünün azı 17%-nə, yəni gündə təxminən 1,1 milyon barelinə təsir göstərib. Hücumlar xüsusilə yay aylarında turistlər və kənd təsərrüfatı sektorunun benzinə olan yüksək tələbatı fonunda baş verib.

Benzin çatışmazlığı Ukraynanın nəzarətindən kənarda olan bəzi ərazilərdə, habelə Rusiyanın cənub və Uzaq Şərq bölgələrində müşahidə olunub. Sürücülər A-95 markalı benzinin çatışmazlığı səbəbindən daha bahalı yanacağa keçməyə məcbur qalıblar.

Ukrayna son bir ayda Volqoqraddakı “Lukoil”, Ryazandakı “Rosneft” və Rostov, Samara, Saratov və Krasnodar bölgələrində yerləşən bir sıra neft emalı zavodlarını hədəfə alıb. Son olaraq, Novoşaxtinskdəki zavoda PUA hücumundan sonra yanğın qeydə alınıb. Həmçinin “Drujba” boru kəmərinə, Ust-Luqadakı “Novatek” terminalına və Baltik dənizi sahilindəki yanacaq emalı kompleksinə də hücumlar həyata keçirilib.

Karnegi Rusiya-Avrasiya Mərkəzinin baş elmi işçisi və “Qazprom Neft”in keçmiş əməkdaşı Sergey Vakulenko bildirib ki, hücumlar nəticəsində bəzi zavodlar öz güclərinin yalnız bir hissəsini itirsə də, bu hal yerli yanacaq təchizatında problemlərə səbəb ola bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ