Qlobal miqyasda hipersəs raketləri üzrə yarış getdikcə daha gərgin xarakter alır.
Turkustan.az xəbər verir ki, xüsusilə Çin və Rusiya yüksək manevr qabiliyyətinə malik hipersəs raketləri ilə bu sahədə liderliyə yüksəlir.
Bir çox inkişaf etmiş ölkə bu texnologiyanı əldə etməyə çalışır. Hipersəs raketlərinin istehsalı həm mövcud hərbi balansı dəyişdirir, həm də gələcək müdafiə strategiyalarını yenidən dizayn etməyə vadar edir.
Avstraliya və ABŞ tərəfindən iki ildən bir keçirilən “Talisman Saber” təliminin 11-cisi çərçivəsində ABŞ istehsalı olan “Dark Eagle” (LRHW) hipersəs raketi Avstraliyaya yerləşdirilib. Bu addım Çin tərəfindən sərt şəkildə tənqid olunub.
Hazırkı inkişaflar “hipersəs raket istehsalı yarışa çevrilirmi?” sualını gündəmə gətirir.
Hipersəs silahları səs sürətindən beş dəfə sürətli – saatda 6200 kilometrdən artıq hərəkət edə bilən təkmilləşdirilmiş raket sistemləridir. Ballistik raketlərdən fərqli olaraq, bu raketlər yüksək manevr qabiliyyəti ilə atmosferdə sürüşə, istiqamət dəyişə və müxtəlif marşrutlarla hədəfə çata bilir.
Bu xüsusiyyətlər onları mövcud hava hücumundan və raketdən müdafiə sistemləri üçün son dərəcə çətin hədəfə çevirir.
Ekspertlər hesab edirlər ki, hipersəs texnologiyalarının inkişafı qlobal təhlükəsizlik sisteminə dərin təsir göstərəcək. Bu silahlar strateji çəkindirmə və hərbi üstünlük baxımından ölkələr üçün kritik əhəmiyyət daşıyır.
Çin və Rusiya bu sahədə irəlidə görünür və onların inkişaf etdirdiyi sistemlər Qərb ölkələrini, xüsusilə ABŞ-ı öz texnologiyalarını sürətlə yeniləməyə vadar edir.
Aytən Yaşar/ Turkustan.az