Ukrayna müharibəsində SÜLH FORMULU – Savaş yalnız bu halda başa çata bilər...


Xəbər verdiyimiz kimi, dünən Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilib. Ardınca isə onlar arasında görüşə, Almaniya, Fransa, İtaliya və Böyük Britaniya daxil olmaqla Avropa İttifaqı ölkələrinin liderləri də qoşulublar.

Görüşdə Tramp yenə də Kiyevin ərazi güzəştinə getməli olduğunu vurğulayıb. Zelenski isə atəşkəsə razı olduğunu, amma ərazi güzəştinə getməyəcəyini bildirib. Avropa liderləri də görüşdə ümumən Kiyevin maraqlarını təmin edən mövqe sərgilədilər. Hətta Fransa Prezidenti Emmanuel Makron ABŞ, Ukrayna və Rusiyadan ibarət üçtərəfli deyil, Avropa İttifaqı nümayəndəsinin də qoşulmasını nəzərdə tutan dördtərəfli görüş ideyası ilə çıxış edib.

Bu mənada görəsən, Ağ Evdə keçirilən görüşün nəticələri Ukrayna müharibəsinin seyrini necə dəyişəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirdi ki, atəşkəs üçün müəyyən əsaslar olsa da, Kiyev hazırda sülh şərtlərini müzakirə etməyə hazır deyil.

“Rusiya özünün işğal və ilhaq siyasətini Ukraynaya qəbul etdirmək istəyir. Tramp isə Rusiya ilə münasibətləri bərpa etmək üçün Kiyevi güzəştlərə getməyə məcbur etmək niyyətindədir.

Zelenski də öz növbəsində Ukrayna xalqı və dövlətindən ərazi güzəştləri səlahiyyəti almadığını bəyan edir. Lakin atəşkəs üçün əsas var.

Amma hər hansı bir orta müddət üçün sülh şərtlərini Kiyev indi müzakirə etməyə hazır deyil. Bu isə Moskva üçün qəbuledilməzdir”.

Ekspertin fikrincə, hansısa bir güzəşt üçün də müəyyən əsaslar var:

“Məsələn, Ukraynanın NATO-ya qəbul olunması məsələsini unutmaq olar.

Kiyevin NATO-ya qəbulu xam söhbətdir. Ukraynaya Qərbin güclü dövlətləri sadəcə ikitərəfli qaydada təhlükəsizlik zəmanəti verə bilər. Krım məsələsi isə 15-20 ildən sonra müzakirə üçün gələcəyə saxlanıla bilər. Qərb də öz təhrikedici mövqeyindən geri çəkilməlidir.

Çünki müharibənin başlama səbəblərindən biri NATO-nun şərqə doğru irəliləməsidir.

Bu isə Qərb siyasətinin günahıdır”.

Politoloq düşünür ki, Trampın Zelenski-Putin görüşünü təşkil etmək cəhdi ciddi görünmür:

“Çünki reallıqda Moskvanın Kiyevlə razılaşması mümkün deyil”.

Ağ Evdəki görüşün müharibənin mənzərəsini necə dəyişəcəyinə gəldikdə, ekspertə görə bəzi sanksiyaların qismən götürülməsi müqabilində Kreml atəşkəsə razı ola bilər:

“Müharibənin dayandırılması hər iki tərəfə xeyirlidir. Amma bu əsasən Putindən asılıdır.

Zelenski atəşkəsə razıdır, amma Putin yox. Ola bilsin, Rusiya üzərindən hansısa sanksiyaların qismən götürülməsi müqabilində Moskva atəşkəsə razı olsun. Amma buna Rusiyadan ehtiyat edən Avropa razı deyil”.


MANŞET XƏBƏRLƏRİ