Melenşon: Netanyahu rejimi cinayət təşkilatıdır


“Netanyahu rejimi cinayət təşkilatıdır, məsələ tam olaraq bundan ibarətdir”.

Turkustan.az xəbər verir ki, İtaətsiz Fransa Partiyasının (LFI) qurucusu Jean-Luc Melenşon Qəzzadakı humanitar fəlakətlə bağlı sosial media platforması X-də paylaşım edib.

Melenşon açıqlamasında Qəzzada fələstinlilərin “sadist şəkildə öldürüldüyünü” bildirib və İsrail əsgərlərinin ac fələstinliləri, xüsusilə uşaqları hədəf almasını “ağrılı” və “iyrənc” olaraq qiymətləndirib.

O qeyd edib ki, bölgədə mətbuat nümayəndələrinə qarşı planlı hücumlardan tutmuş “müqavimət döyüşçüləri və müxaliflərin” vəhşicəsinə həbslərinə qədər bütün əlamətlər eyni istiqaməti göstərir:
“Netanyahu rejimi cinayət təşkilatıdır, hər şey bundan ibarətdir”.

Melenşon həmçinin bu cinayətlərdə iştirak edənlərin, onları dəstəkləyən və ya təkzib edənlərin, eləcə də nazirlərin baş verənlərə birbaşa şərik olduqlarını bəyan edib.

Fransız siyasətçi Haaqa Qrupunun 15–16 iyul tarixlərində Kolumbiyada keçirilən toplantısından sonra qəbul edilən birgə bəyannamənin icrasını da tələb edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ