İsrail ərəb ölkələri ilə birgə İrana qarşı yeni koalisiya formalaşdırmağa çalışır.
Belə ki, İsrail baş naziri Benyamin Netanyahu yaxın gələcəkdə Təl-Əvivin bir sıra ərəb ölkələri ilə sülh sazişləri imzalamasını gözləyir.
"Bizim ərəb qonşularımız İrana qarşı hərbi əməliyyatla bağlı rahat nəfəs aldılar. Biz onların bəziləri ilə artıq sülh bağlamışıq, bəziləri ilə də tezliklə sülh bağlayacağıq", İsrail lideri bildirib.
Netanyahu qeyd edib ki, İrana qarşı İsrail-ABŞ hərbi əməliyyatının nəticələri İbrahim razılaşmalarının tarixi genişləndirilməsi üçün fürsət yaradıb.
Belədə İrana növbəti hücum böyük müharibəni alovlandıra bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirir ki, İran ABŞ-ın nüvə proqramı ilə bağlı şərtlərini qəbul etməsə, böyük ehtimalla ona yeni zərbələr endiriləcək:
“Bu zərbələr də ABŞ və İsrailin birgə əməliyyatı olacaq. Amma böyük müharibənin alovlanması ehtimalı yoxdur. Ortada ABŞ varsa, heç bir ərəb ölkəsi bu qarşıdurmaya müdaxilə etməyə cəsarət göstərməyəcək. Yəqin ki, yaxın günlərdə danışıqlar başlayacaq.
Amerikanın tələbləri də bəllidir. Bu tələblər digər dövlətlər tərəfindən də dəstəklənən tələblərdir. İran nüvəni zənginləşdirməməli, zənginləşdirilmiş uranı xaricdən gətirməlidir. Rusiya da bu mövqeyini ortaya qoyub. Ona görə İran şərtləri qəbul etməlidir ki, gərginlik aradan qaldırılsın. Əks halda İrana növbəti zərbələr qaçılmaz olacaq. Bu zərbələr fonunda isə İran daha böyük dağıntılarla üz-üzə qalacaq”.