NATO-nun Baş katibi Mark Rutte Çinin Tayvana mümkün hərbi müdaxilə zamanı diqqəti yayındırmaq üçün Rusiyadan dəstək istəyə biləcəyini deyib. Onun sözlərinə görə, Pekin bu halda Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək, NATO ilə paralel münaqişə yaratmaq üçün, xüsusilə Estoniya üzərindən təzyiq göstərməsini istəyəcək.
Rutte bu ssenarinin Qərbin diqqətini Asiyadan yayındırmaq və alyans daxilində əlavə gərginlik yaratmaq məqsədi daşıya biləcəyini söyləyib. Açıqlama Qərb mətbuatında geniş rezonans doğurub və Pekin-Moskva münasibətlərinin hərbi aspektləri yenidən gündəmə gəlib.
Rusiyanın hazırkı vəziyyətdə Çinlə bu cür ssenari qurması mümkündürmü? Ümumiyyəytlə Pekinin Moskvadan belə istəyi ola bilərmi?
Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Çinlə Tayvan arasında yaxın gələcəkdə belə bir münaqişə baş verərsə, bu, heç də gözlənilməz olmayacaq:
“Çünki tərəflər münaqişəni danışıqlar yolu ilə həll etmək imkanlarını getdikcə itirir. Ola biləcək müharibədə ABŞ və NATO qüvvələrinin Tayvana yardım edəcəyi şübhəsizdir. Çünki Tayvanı Çinlə qarşıdurma vəziyyətinə gətirib çıxaran yeganə qüvvə varsa, bu da Vaşinqtondur. ABŞ uzun müddətdir Tayvandan Pekinə qarşı təzyiq vasitəsi kimi istifadə edir. Çin müəyyən regional və qlobal səbəblərə görə hələ ki, Ağ Evin bu istiqamətdə təhdidlərinə adekvat cavab vermir. Amma belə vəziyyət uzun müddət davam edə bilməz və Pekinin də səbrinin hüdudları var.
Rusiya da birmənalı olaraq Çin–Tayvan qarşıdurmasında Çini dəstəkləyir və bu, elə Amerika Birləşmiş Ştatlarına qarşı çıxmaq anlamına gəlir. Məlum olduğu kimi, Pekin Rusiya–Ukrayna müharibəsində Moskvaya mümkün yardımlarını əsirgəmir. Rusiya məhz Çinin dəstəyi sayəsində müharibənin gedişində üstün olan tərəf kimi formalaşıb. Çinin bu yanaşmasını əsas götürərək, gələcəkdə bu ölkə ilə baş verə biləcək hər hansı bir müharibədə Rusiyanın onun yanında yer tutacağı şübhəsizdir”.
Politoloq bildirib ki, NATO ölkələrinin başını qatmaq məqsədilə Rusiyanın qonşu dövlətlərdən birinə hücum edəcəyi ehtimalını birmənalı şəkildə təsdiq etmək mümkün deyil:
“Düşünürəm ki, Çin–Tayvan qarşıdurmasının müharibə səviyyəsinə keçməsi hələ uzaqdadır. ABŞ Yaxın Şərq və Avropadakı münaqişələrə son qoymadan yeni savaşa başlamağa can atmır. Bu müharibələrin hansı şərtlər altında bitməsindən də çox şey asılıdır”.